AXCP sədri Əli Kərimli
Gerçək bir vətənpərvər, Qarabağ qazisi, əqidəli və dürüst insan Saleh Rüstəmli hər gün bir az da ölümə yaxınlaşır. Saleh bəyin 58 yaşı var, 16 gündür ki, aclığı davam etdirir. Vəziyyəti çox ağırlaşıb. Ölkə ictimaiyyəti, daha doğrusu ictimaiyyət adına kimlərimiz qalıbsa, hərə öz üslubunda Saleh bəyə azadlıq tələb edir. Hakimiyyət isə bütün bu çağırışlara gözünü və qulağını tıxayıb. Hakimiyyətin Saleh Rüstəmlinin həyatına biganə münasibəti intihar həddinə çatdırılan qazilərimizin, şəhid analarının taleyinə olan biganəliyin davamıdır. Hakimiyyət özünü inandırıb ki, xalqdan heç bir asılılığı yoxdur, xalq ona heç nə edə bilməz. Düşünür ki, xalqın əsas təyinatı əsgər olaraq vuruşmaq, fəhlə, kəndli, məmur olaraq hakim qruplaşmanın maraqları üçün işləmək və istehlakçı, müştəri olaraq ailə şirkətlərini varlandırmaqdır. Onlar inanırlar ki, xalqın hüquqları yox, yalnız vəzifələri var. Düzmü düşünürlər? Əlbəttə, yox. Səhv düşünürlər. Ancaq səhv düşündüyünü hakimiyyətə başa salacaq qüvvə də yalnız xalqın özü ola bilər və olmalıdır. Saleh Rüstəmliyə azadlıq tələbimiz daha kütləvi olmalı, daha qətiyyətlə səslənməlidir. Hakimiyyəti inandırmalıyıq ki, Saleh Rüstəmli və digər Qarabağ qazilərinə bəzən laqeyd, bəzən nankor, bəzən düşməncəsinə münasibət bir gün mütləq hakimiyyətin öz əleyhinə çevriləcək. Xalq elə ilk imkandaca bu münasibətin məduliyyətini onlardan tələb edəcək.
Saleh Rüstəmlinin həyatı ilə oynamayın. Saleh bəyi və digər siyasi məhbusları azad edin, Qarabağ qazilərinə və şəhid ailələrinə nankor münasibətə son qoyun!