AXCP sədri Əli Kərimli
Bilirsiniz Saleh Rüstəmli Elçibəy hakimiyyəti devrildikdən 5 il sonra nəyə görə Moskvaya gedəsi olmuşdu? Saleh bəyin ilk övladı anadangəlmə əlildir. Çox ciddi sağlıq problemi var. Saleh bəy “bəlkə Moskvada müalicəsi mümkün oldu” ümidi ilə 1998-ci ildə xəstə övladını, ailəsini də götürüb oraya getmişdi. Müayinələrdən sonra məlum oldu ki, oğluna bahalı və uzunmüddətli müalicə tələb olunur. Saleh bəyin isə buna maddi imkanı yox idi. O Gədəbəyin icra hakimiyyəti başçısı işləyəndə indikilər kimi işləməmişdi. Rüşvət almamışdı. Könüllü şəkildə kabinetini səngərə dəyişmişdi. Ona görə də oğlunu müalicə etdirə bilmək üçün öz kiçik biznesini qurmaq qərarına gəldi. Şəxsən işləməklə, dövlətdən dəfələrlə kiçik kreditlər götürməklə bir neçə ilə xəstə övladının müalicəsinə, özünün və ailəsinin təlabatını ödəməyə yetəcək bir biznes qurdu. Əgər Saleh bəy əksəriyyət kimi rahatlığı, ailəsinin rifahını, zənginliyi seçmiş olsaydı, artıq problem yox idi. O bu məqsədə ən yaxşı nail olanlardan biri olardı. Açığı Saleh bəydən daha artığını heç kim tələb də edə bilməzdi. Saleh bəy gənc yaşlarından dövlətimizin müstəqilliyi uğrunda mübarizəyə qoşulub, Vətən torpaqları üçün vuruşub, Vətənə Başkənd kimi strateji qələbə qazandırıb, dövlət məmuru olaraq icra başçısı vəzifəsində əli təmiz, ləyaqətlə işləyib. Qalan həyatını da öz şəxsi biznesini böyütməyə, ailəsinin rifahını yüksəltməyə yönəltsəydi, kim ona nə deyə bilərdi? Əlbəttə, heç kim Saleh bəydən daha artıq fədakarlıq tələb edə bilməzdi. Ancaq Saleh bəy Vətən üçün o vaxta qədər etdiklərilə kifayətlənmədi. Azərbaycanda insan hüquqlarının pozulması, ləyaqətli, mübariz insanların məhbəsdə çürüdülməsi, üstəlik də çörəklə sınağa çəkilməsi Saleh bəyin vicdanını rahatsız edirdi. “Mən Azərbaycanda deyiləmsə də, ölkəmdə haqqın, ədalətin bərqərar edilməsi üçün nələrsə etməliyəm” fikri onu rahat buraxmadı. Bu düşüncə ilə də siyasi məhbus olan əqidədaşlarına maddi kömək etməyə başladı. Saleh bəyi məhz bu fədakarlığı, Vətən, millət qarşısında borc hissi 7 il 3 aylıq həbsə aparıb çıxardı. İndi isə onun həyatı təhlükədədir. 15 günlük aclıq səhhətində ciddi fəsadlar yaradıb. Artıq yeriməsi və danışması belə çətinləşib. İndi də Vətən, millət qarşısında borcumuz barədə düşünmək növbəsi bizdədir. Azərbaycan cəmiyyəti Saleh Rüstəmli kimi fədakar, ləyaqətli, vətənpərvər oğlunu, igid qazisini ölümdən və məhbəsdən azad etməyi bacarmalıdır. Hamılıqla səsimizi ucaldıb, Saleh Rüstəmliyə azadlıq tələb etməliyik.