Milli Şuranın sədri, professor Cəmil Həsənli
Saxta ittihamla həbs edilmiş Saleh Rüstəmlinin həyatı təhlükə altındadır. O, artıq 13 gündür aclıq aksiyasını davam etdirir. Alınan məlumatlara görə Saleh bəyin qan təzyiqi aşağı düşüb, bədənində ağrılar yaranıb, o, artıq 15 kiloqram çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dəhşətli mənzərədir. Digər yandan bu günlərdə üç körpə uşaq atası, ailənin yeganə çörək təminatçısı Aqil Hümbətova saxta bir ittihamla 10 il iş verib uşaqlarını çörəksiz qoydular. Aqil uşaq pulu və ya uşaqlarını dolandırmaq üçün iş istəyirdi. Amma bu “işi” ona hakim verdi. İlham Əliyev 2,5 mln Azərbaycan uşaqları ilə yanaşı Aqilin körpə balalarının da uşaq pulunu mənimsəyib. Əvəzində Londonda öz uşaqlarına 700 mln dəyirində dəbdəbəli mülklər alıb. Tamamilə cəfəng bir böhtanla tutulmuş Aqil Əli Məhərrəmin də körpə əkiz qız balaları neçə ildir onun yolunu gözləyir. Niyaməddin Əhmədov, Zamin Salayev, Paşa Umudov, Hacı Taleh Bağırzadə, Abbas Hüseyn, Əhsən Nuruzadə, Əfqan Sadıqov və digər siyasi məhbuslarla bağlı baş verənlər insanı vahiməyə salır. Bu gün Azərbaycanda baş verənlər vaxtı ilə XX əsrin Şərq müstəbidləri olan Məhəmməd Rza şah Pəhləvinin, Səddam Hüseynin zindanlarını, istintaqını, istibdadını xatırladır. Gözümüzün qarşısında insan taleləri məhv edilir. Bütün bunlara səssiz qalmaq, laqeyd yanaşmaq mümkün deyildir.
İçində yaşadığımız bu rəzalətin məsuliyyətinin bir hissəsi də bizim üzərimizdədir. Baş verənlərə etiraz olaraq vaxtı ilə Bakı Dövlət Universitetinin yaranmasının 90 illiyi ilə bağlı İlham Əliyevin bir qrup universitet əməkdaşları ilə yanaşı mənə də verdiyi “Respublikanın Əməkdar Müəllimi” fəxri adından imtina edirəm. İnsan talelərinin məhv edildiyi bir ölkədə müəllimin əməkdar olmasına elə bir ehtiyac yoxdur. Bu açıqlama mətbuatda dərc edildiyi andan müvafiq dövlət orqanları onun əsas kimi qəbul edə bilərlər. İlham Əliyevin imzaladığı “Əməkdar müəllim” fəxri adının vəsiqəsi və döş nişanı hazırda Bakıda evdədir və Azərbaycana dönən kimi onları müvafiq dövlət orqanına təhvil verəcəyəm.