AXCP sədri Əli Kərimli
Ermənistan silahli quvvələrinin bölmələri bu gün səhər saatlarında Kəlbəcər-Laçın istiqamətində ordumuzun döyüş postlarına müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar və artileriyadan istifadə etməklə hücuma keçib. Əslində dünən axşamdan Ermənistan tərəfdən Tovuz, Gədəbəy, Kəlbəcərdə və Ağstafadakı mövqelərimizin atəşə tutulması ilə atəşkəs pozulub və dünən gecədən başlayan döyüşlər bu gün də davam edib. Belə bir şəraitdə Azərbaycan hakimiyyəti təəssüf ki, reallıqdan uzaq, öz paralel dünyasında yaşayır. Situasiyaya adekvat olmayan açıqlamalar verilir.
Reallıq budur ki, Xankəndi, Xocalı başda olmaqla torpaqlarımızın 4 faizi hələ də düşmən işğalı altındadır. Ermənistanın Müdafiə naziri gəlib Qarabağdakı erməni ordusuna baxış keçirdir, onların döyüş hazırlığını yoxlayır. Acı həqiqət budur ki, Qarabağda 10 min nəfərdən az olmayan erməni ordusu var. Həmin ordunu və bütövlükdə Qarabağdakı hərbi xuntanı Ermənistan açıq-aşkar maliyyələşdirir. Ermənistan təkcə gələn il öz dövlət büdcəsindən həmin oyuncaq quruma 300 milyon dollara qədər vəsait ayıracaq. Reallıq budur ki, düşmən bütün təmas xətti boyu atəşkəsi pozur. Azərbaycanın ərazi bütövlüyünü tanımır. Hətta Şuşaya belə tez-tez silahlı hücum edir, hərbçilərimizi şəhid edir, yaralayır, imkan tapanda əsir götürür. Bütün bu yazdıqlarımın həqiqət olduğunu həm xalqımız, həm də dünya ictimaiyyəti bilir. Ancaq görün Azərbaycan hakimiyyəti özünü hansı qeyri-ciddi duruma salıb. Brüsseldə səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Birliyi və NATO rəhbərliyilə keçirdiyi görüşlərdə onları inandırmağa çalışıb ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Müharibə keçmişdə qalıb. Bu qədər də absurd olar? Əlbəttə, mən bilirəm ki, bu absurd mövqe Ceyhun Bayramavun şəxsi mövqeyi deyil. İlham Əliyevin müəyyənləşdirdiyi “hakimiyyətin rəsmi mövqeyidir”.
Hamımız xatırlayırıq ki, İlham Əliyev ABŞ prezidenti Cozef Baydenə yazdığı məktubda da, BMT Baş Assambleyasında çıxışı zamanı da dünyanı ərazi bütövlüyümüzün təmin olunduğuna, Qarabağ müharibəsinin tarixdə qaldığına inandırmaq istəyirdi. Belə həqiqətdən uzaq, absurd mövqeyin daxili auditoriya, sadə və məlumatsız insanları aldatmaq üçün deyilməsi də çox pis hərəkətdir. Ancaq yenə bir təhər dözərik. Dözümlü xalqıq axı. Lakin dünyanın qarşısına belə həqiqətdən uzaq, absurd mövqe ilə çıxmaq həm dövlətimizi gözdən salır, aşağılayır, həm də bizi ərazi bütövlüyümüzün gerçəkdən də təmin edilməsi üçün beynəlxalq dəstəkdən məhrum edir.
Belə çıxır ki, Azərbaycan hakimiyyəti həqiqətən də analoqsuzdur. Analoqsuzdur ki, Qarabağın əksər ərazilərinin hələ də işğal altında qaldığını danır. Analoqsuzdur ki, zibillikdən kardon yığıb 3 körpəsini saxlayan, uşaq pulu tələb edən Aqil Hümbətovu 10 il müddətinə azadlıqdan məhrum etdrib, körpələrini ac qoya bilir, erməni diversantlarını azad edib, Qarabağ qazisi Saleh Rüstəmlini məhbəsdə məhv etməyə çalışır.
Hakimiyyətlə məsələ aydındır. Ancaq gərək biz xalq olaraq analoqlu olaq, yəni biz də başqa xalqlar kimi haqsızlığa, ədalətsizliyə, yanlış və absurd idarəetməyə susmayaq.
Allah əsgərlərimizi qorusun!