Ermənistan MN: “Lokal döyüşlər gedir”
Rəsmi Yerevan erməni hərbçilərin əsir götürülməsini təsdiqləməyib. Ancaq Müdafiə Nazirliyi günorta saat 1-də Azərbaycan tərəfindən atəş və sərhədin şərq hissəsində irəliləmə cəhdlərinə cavab olaraq adekvat tədbirlər gördüyünü bildirib.
Ermənistan günorta saat 2-də Azərbaycanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını bildirib.
“Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bir daha provokasiyaya əl atıb, şərq istiqamətdə Ermənistanın mövqelərinə hücum edib… Lokal döyüşlər gedir. Düşmən artilleriya qurğularından, zirehli texnikadan, müxtəlif kalibrli silahlardan istifadə edir”, – məlumatda deyilir.
“Ermənistan artilleriya qurğularından istifadə edir”
Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 16-da günorta saatlarında yaydığı növbəti açıqlamasında bildirib ki, Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir: “Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür”.
Bu açıqlamaya da, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.
Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 16-da atəşkəsin pozulması ilə bağlı növbəti məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib: “Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb”.
Açıqlamaya görə, sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan ordusunun Kəlbəcər , Laçın rayonlarındakı postlarına hücum edib: “Qarşı tərəf Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur”.
MN bildirir ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik, habelə qüvvələr dərhal təxirəsalınmaz əməliyyat həyata keçirib: “Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb… Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib”.
Hələlik, bu açıqlamaya Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.
Azərbaycan mövqelərinin vurulduğunu deyir
Azərbaycan Ermənistan silahlı qüvvələrini təxribatda günahlandırır.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 16-da səhər saatlarında məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16:15-dən noyabrın 16-sı saat 04:30-dək öz mövqelərindən atəşkəsi pozub: “… Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub”.
Açıqlamaya görə, qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb: “Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.
Son həftələr istər Azərbaycan-Ermənistan sərhədindən, istərsə də Dağlıq Qarabağdan atəşkəsin pozulmasına dair məlumatlar gəlir. Hətta ölən və yaralananların olduğu da bildirilir. Tərəflər bir-birini atəşkəsi pozmaqda, təxribatda ittiham edib.
Azadlıq radiosu