Təbriz sakini olan milli fəal Nadir Sadıqiyan keçən iyul ayında bu şəhərdə baş tutan ərəblərə dəstək mitinqi ilə əlaqədar həbs ediləndən sonra mühakimə edilərək cərimə ödəməyə məhkum edilib.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Sadıqiyan Təbriz Cinayət Məhkəməsi tərəfindən cərimələnib.
Təbriz İkinci Cinayət Məhkəməsi Nadir Sadıqiyanı “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə əhalini iğtişaşa dəvət etmək” ittihamı ilə günahkar tanıyıb. O, məhkəmənin qərarına görə, 6 milyon tümən cərimə ödəməlidir.
Nadir Sadıqiyan həmin etirazlarla əlaqədar həbs edildiyi üçün ona qarşı irəli sürülən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən suçlanaraq 4 ay həbsə məhkum edilmişdi. Fəala verilən həmin həbs hökmünün 100 günü 4 ilə qədər şərti olaraq dayandırılmışdı.
Ötən iyul ayında Təbrizdə bir çox vətəndaş İranın Xuzistan vilayətində yaşayan ərəb icmasının su qıtlığına qarşı etiraz aksiyalarına dəstək məqsədilə etiraz mitinqi keçirmişdilər.
Mitinq zamanı başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində bir çox vətəndaş nəzarət altına alınmışdı.
Amerikanın səsi