Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Müdafiə Xətti hüquq müdafiə təşkilatı olaraq ölkə vətəndaşlarının əqidəsindən, sözündən, fikrindən, partiyalara, ictimai birliklərə və s. mənsubiyyətindən asılı olaraq qanunvericilik qarşısında mövqe tutmasından, insanların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək imkanının olmamasından, demokratik quruluşa təminat verilməməsindən, vətəndaşa dayanan cəmiyyətin formalaşmamasından, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğuna səy göstərilməməsindən, sifarişli, saxta motivlərlə, qurama əsaslarla inzibati, ya da cinayət təqiblərinin həyata keçirilməsindən, siyasi ağırlıqlı mühakimələrin səngiməməsindən, siyasi məhbus probleminin köklü surətdə aradan qaldırılmamasından, insan hüquqları sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təsisatların siyasi və vicdan məhbusu kimi tanıdığı onlarla şəxsin cəmiyyətdən təcrid olunmasından dərin narahatıq.
Cənab Prezident, Müdafiə Xətti hüquq müdafiə təşkilatı Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, 1-ci Qarabağ müharibəsində xüsusi fərqlənən və Azərbaycanın müasir hərb tarixinə ən uğurlu əməliyyatlardan biri kimi düşmüş Başkənd əməliyyatının rəhbəri Saleh Rüstəmovun 2018-ci ilin may ayında qondarma ittihamlar əsasında şübhəli şəxs qismində tutulub ağır işgəncələrə məruz qalmasına, siyasi sifarişlə Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci, 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə təqsirləndirilib mühakimə edilməsinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasına, bu illər ərzidnə 13 saylı cəzaçəkmə müəssisəsində aşkar ayrıseçkiçilik zəminində təqib və təzyiqlər altında saxlanmasına və qeyd edilən qanunazidd, qeyri-hüquqi hərəkətlərə etiraz rəmzi olaraq artıq 7-ci gündür ki, keçirdiyi aclıq aksiyasına, əgər haqlı tələbləri təmin edilməzsə, ölüm aclığına başlayacağına diqqətinizi cəlb edir.
Cənab Prezident, Müdafiə Xətti hüquq müdafiə təşkilatı əminliklə bildirir ki, Saleh Rüstəmov cəza təhdidi altında qadağan olunmuş hansısa ictimai təhlükəli əməl, hər hansı təqsir doğuracaq hərəkət sahibi deyil, cəmiyyətdə, xüsusilə, hüquq ictimaiyyətində şübhə doğurmur ki, o, Rusiya Federasiyasında qurduğu kiçik biznesindən əldə etdiyi leqal gəlirlərdən partiyadaşlarına, eləcə də siyasi məhbuslara və ailələrinə maddi yardım ayırdığına görə cinayət təqibinə məruz qalaraq qanunsuz surətdə cəzalandırılıb.
Müdafiə Xətti hüquq müdafiə təşkilatı olaraq Sizdən xahiş edirik: Saleh Rüstəmovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində davam etdirdiyi aclıq aksiyasına diqqət göstərib, haqlı tələblərinin baxılmasına göstəriş verəsiniz, əks təqdirdə, nə qədər arzuolunmaz olsa da o, ölüm aclığının keçirilməsində qərarlıdır ki, bunun da faciəvi sonluqla bitməsi tamamilə mümkündür.