ABŞ Moskva ilə Avropa İttifaqı arasında miqrant böhranı və enerji təchizatı ilə bağlı artan gərginliyin fonunda Rusiyanın Ukraynaya müdaxiləni nəzərdən keçirə biləcəyi ilə bağlı narahatlığını avropalı müttəfiqləri ilə bölüşüb, Bloomberg agentliyi yazır.
Agentliyin bir neçə mənbədən əldə etdiyi məlumata görə, bu narahatlıq ABŞ-ın hələlik Avropa ölkələrinin hökumətləri ilə bölüşmədiyi bəzi məlumatlara əsaslanır. Bloomberg yazır ki, bu məlumat artıq ictimailəşmiş sübutlarla dəstəklənir.
Ağ Ev hələ ki, bu məlumatlara şərh verməyib.
Rusiya öz ərazisinə qoşun yerləşdirməyin onun “daxili işi olduğunu” iddia edir və hər hansı aqressiv niyyəti rədd edir. Rusiya, eyni zamanda ABŞ-ı bu həftə bir qrup Amerika hərbi gəmisinin Qara dənizdəki sərhədləri yaxınlığına daxil olmasına görə təxribat xarakterli hərəkətlərdə ittiham edir.
Oxşar gərginlik bu ilin yazında, ABŞ və NATO Rusiyanı Ukrayna sərhədi yaxınlığında əhəmiyyətli dərəcədə hərbi qüvvələr, tanklar və döyüş təyyarələri toplamaqda ittiham edəndə də baş vermişdi. Agentlik xatırladır ki, bu gərginlik ABŞ Prezidenti Joe Biden-in rusiyalı həmkarı Vladimir Putinə zəng edərək birgə görüş keçirməyi təklif etməsindən və iyunda bu görüşün baş tutmasından sonra azalmışdı.
Rusiyanın Ukrayna ilə sərhədində hərbi qüvvələrinin yerləşdirməsi barədə ilk dəfə Washington Post qəzeti yazmışdı. Qəzet yazırdı ki, onlara danışan hərbi təhlilçilər Rusiyanın sözügedən ərazidə hərbi qüvvələri sentyabrın ortasından toplamağa başladığını deyirlər.
Rusiya və Belarusun birgə keçirdiyi Qərb-2021 təlimləri başa çatdıqdan sonra hərbçilər həmişəki dislokasiya yerlərinə yox, Rusiya-Ukrayna sərhədinə yönləndirilib. Ötən həftə Ukraynanın Müdafiə Nazirliyi hazırda sərhədləri yaxınlığında 90 minə yaxın rus əsgərinin yerləşdiyini açıqlayıb.
Həmin ərəfədə ABŞ dövlət katibi Antony Blinken bildirmişdi ki, Moskvanın Ukrayna sərhədi yaxınlığında qoşunlarının hərəkəti ilə bağlı niyyətləri qeyri-müəyyən olaraq qalır, lakin Ukraynaya qarşı yeni təcavüzə başlamaq “Rusiya üçün ciddi səhv olardı”.
Ukraynanın xarici işlər naziri Kuleba Dmitro ilə görüşdə Blinken, həmçinin söz verib ki, ABŞ administrasiyası Konqreslə əməkdaşlıq edərək Ukraynaya hərbi yardımın gələcəkdə də göstərilməsini təmin etməyə çalışacaq.
Bu bəyanatlar Rusiya Xarici İşlər Nazirliyində qıcıqlanmış reaksiyaya səbəb olub. Departamentin rəis müavini Sergey Ryabkov ABŞ-a “öz səhvləri üzərində işləməyi” məsləhət görüb, Rusiyanın Washington-dakı səfiri Anatoliy Antonov isə bildirib ki, “Kiyev rejiminə” silah tədarük etmək planları Ukraynanın cənub-şərqindəki vəziyyəti gərginləşdirəcək.
Bbc.com