Milli intihar yolu
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ölkədə bir dənə də olsun pozitiv müzakirə yoxdur. Bizim gündəmimizə baxın:
“Türmədə haqsız yerə tutduğunuz adamı azad edin” , “uşaq pulu verin” , “qazilərin problemləri həll olunsun” , “bahalaşma davam edir” və s.
İllərdir ki, eyni qapalı dairə içində hərəkət edirik, eyni problemlərin əlində girinc qalırıq, zaman və tərəqqi baxımından irəli getdiyimiz də yox. Dünya 4 – cü sənaye inqilabını gerçəkləşdirir, süni intellekt, əşyalar interneti kimi mühüm texnoloji yeniliklərlə, tətbiqlərlə yeni bir çağa, istehsal və idarəetmə münasibətlərinə keçir. Bizdə isə kəndçi əkdiyi sahəni becərməyə su tapmır, İrandan kartof, Hindistanda ət, Qazaxıstanda taxıl, neçə yerdən kərə yağı və s. gətirməklə bazarı təmin edilir. Demək olar ki, əksər sənaye məhsulları xaricdən gəlir, pomidor və neftdən başqa ölkədən kənara çıxarıb sata biləcəyimiz heç bir intellektual və texnoloji məhsul yarada bilmirik. Bu gerilik mühitində isə başda oturanlar oğurladıqları neft pullarının, bu ölkəni niyə bu cür zəlil və geri qalmış duruma saldıqlarının hesabatını vermək əvəzinə, illərdir ki, boş və cəfəng inkişaf nağılları ilə xalqı kütləvi şəkildə illüziyalarla hipnoz etməyə çalışırlar.
İnsanlar qazanclarınln 60-70 %- ni ərzağa xərcləyir, müalicəyə getmək üçün otrub İran sərhəddinin açılmasını gözləyir, çox bilmişlər ölkədən qaçmaq üçün yollar axtarır, məktəbdən ümidini üzmüşlər boğazından kəsib uşaqlarını repititor yanına göndərir, işsiz qalan gənclər veyil – veyil gəzib instaqramda, tiktokda vaxt öldürür, diri – diri ölməyi seçənlər də “patı” ilə öz dünyasna dalırlar… Beləcə bu bataqlıqda hamı deyinir, orda burda giley – güzar edir, ömür isə aram – aram keçib gedir, eyni problemlər dəyişməz miras kimi sonra gələn nəsillərə ötürülür və dövlət adlı istismar aləti də heç bir narazılığı, tələbləri vecinə almadan, xalqın qanını sormaqda davam edir…
O biri tərəfdə də, kəsilən pensiyalar, dərman pulları hesabına 1 il ərzində 500 milyon qənaət etdiyini deyən yekəbaş dövlət məmuru ac xalqa göz dağı verir, Nefft Fondundakı milyardlarlarla tez tez qürrələnib uşaqpulu vermədikləri kasıbları adam yerinə saymadıqlarını göstərir, əlində vəzifəsi, ixtiyarı olanlar da söküb taladıqlarına görə özlərini Allahın seçilmiş bəndələri olaraq xoşbəxt xüsusi imtiyazlı təbəqə sayır, bir xeyli alim, jurnalist, iqtisadçı, artist də çəyirtkə sürüsü kimi daraşaraq yaltaqlanmaq, yalana şərik çıxmaq müqabilində hakimiyyətin süfrə artığına əl uzadıb dilənçilik edirlər .
Bir ovuc azlıq istisna olmaqla, kimsənin vecinə deyil məmləkətin halı, nə əzənlərin vicdanı sızlamır, nə də ki, əzilənlər heç elə bil bu məmləkətdə yaşamırlar. Bu qarğaşa, bu tənəzzül, görməmişlik, nəfs və oğurluqla, hüquqdan, adamlıqdan, ədalətdən üz çevirməklə, ortaya bir dənə də olsa elmi, mədəni bir nəticə, əsər qoymamaqla hara gedirik?
Batdığımızın, hüquqsuz köləyə, rəiyyətə çevrildiyimizin, ehtiyacların içimizdəki ibtidai instiktləri üzə çıxarıb, bizi yaşamaq uğrunda mübarizə aparan yarım vəhşilərə çevirdiyinin, nəyin bahasına olursa – olsun qamarlamaq düşüncəsinin bütün insanlıq normalarını arxa plana keçirdiyinin fərqində deyilik sanki.
Hara gedirik bu zehniyyətlə, bu səviyyə ilə.
21 əsrdə orta əsr çağlarına yuvarlanıb müasirlikdən, zaman axarından kənarda qaldığımızı görə bilməyəcək qədər kor olmuşuq. Zarımaqa, lağlağı etməklə, bəhanələr arxasında heysiyyətimizi korşaltmaqla, oxumayıb cahilliyin qaranlığında hüzur axtarmaqla, iradəmizi qorxularımıza təslim etməklə sürüyə çevrildiyimizi, mədəni, gəlişmiş dünyadan hər gün daha da uzaqlaşdığımızı görmürüksə, fərqində olmuruqsa, bizə hansısa ölkədə demokratik dəyişiklik olmasından, hakimiyyətdəkilərin aşkar olan yeni – yeni oğurluq faktlarından nə fayda?
Allahın verdiyi ömrü beləcə yola verib, etinasız, vurdum – duymaz qaldıqca, zaman bizi irəli deyil, geri sürükləyir.
Öz sərvətinə, öz səsinə, öz haqqına, öz hakimiyyətinə, öz büdcəsinə sahib çıxa bilməyənlərə kənardan kiminsə sahiblik, ağalıq etməsi də tarixin bir qanunauyğunluğu hesab olunur. Bunu da unutmayaq.