Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu gün “Yeni Müsavat” ilhamnaməsi Qubad bəylə mənim əleyhimə “Londonda Azərbaycan və Türkiyə əleyhinə işləyən şəbəkəni kim hərəkətə gətirir?” adlı palazqulaq bir yazı verib. Orada qeyd edilir ki, “Müxalifətin “radikal” qanadını təmsil edən “Milli Şura”nın sədri Cəmil Həsənli və ADR rəhbəri Qubad İbadoğlu son həftəni Londonda keçirdilər. Bu şəhərdən internet televiziyaları vasitəsilə anti-Azərbaycan çıxışlar edib “Pandora sənədləri”ni ölkəmizin boyuna biçməyə çalışdılar”. Əvvəla biz harada idik ki, son həftəni Londonda keçirək. Mən 11 aydır London Universitetində çalışıram. Qubad bəy də 3 aydır dünyaca ünlü London İqtsad Məktəbində (LSE) professor kimi fəaliyyətə başlayıb. Məsələ burasındadır ki, Əliyevlərin Azərbaycandan oğurladığı pullar hesabına Londonda aldıqları mülklərin yarıya qədəri mənim çalışdığım London Universiteti ilə Qubad bəyin çalışdığı London İqtisad Məktəbi arasında yerləşir. Bu ali məktəblər arasında məsafə isə vur-tut 10-12 dəqiqəlik (piyada) yoldur. İkincisi, “Pandora sənədləri”ni biz niyə ölkəmizin boyuna biçirik. Pandora qutusundan çıxan 700 milyon dollarlıq ailə mülklərini ümummili oğru prezidentimiz ölkəmizin böyuna biçib. İnanmırsınız, bu siyahıya diqqətlə baxın: Şirkətlər bəlli, şirkətlərin kimlərə məxsus olması bəlli, dəbdəbəli mülkləri ünvanları bəlli, kimlərin adına olması bəlli, qiymətləri bəlli, mülklərin alınmasına xərclənən pulların hansı ofşor hesablardan gəlməsi bəlli, ofşor hesabların kimlərə məxsus olması bəlli. Bunlar hələ Əliyevlərin London mülklərinin yalnız kiçik bir hissəsidir. Bəyəm bu dəbdəbəli mülkləri Əliyev ailəsinin adına biz alıb sənədləşdirmişik? Ağasınım oğurluq mal-mülki ilə öyünən, ondan “qürur” hissi keçirən Əliyev xanədanın qapı qullarından bundan artıq nə gözləmək olar?