Putinin diktəsi və milli maraqlarımıza vurulan tarixi zərbə
Bu gün ümummilli məyusluq günüdür.
Məhz bu gün imzalanmış 10 noyabr Bəyanatı ilə düşməni ard-arda məğlub edərək irəliləyən Azərbaycan ordusunun hücum əməliyyatı heç bir əsas olmadan dayandırıldı, son və qəti qələbə qazanılmasının qarşısı alındı. Əvəzində isə, Putinin diktəsi ilə İlham Əliyev Ermənistanı kapituluyasiyadan qoruyan, Azərbaycan bayrağının Xankəndinə sancılmasının qarşısını alan bədnam üç tərəfli Bəyanatı imzalamaqla, Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmək şansını əldən verdi.
Bu azmış kimi, Rusiyanın işğal ordusunun münaqişə bölgəsinə gətirilib yerləşdirilməsi, Qarabağ problemini bir tərəfli qaydada Moskvanın hərbi siyasi nəzarətinə təslim etdi.
Rusiya öz ordusunu Qarabağa yerləşdirməklə, Yuxarı Qarabağdakı separatçı ermənilərin təhlükəsizlik təminatını da öz üzərinə götürmüş oldu. Bu o deməkdir ki, rus ordusu ərazidə qaldıqca, Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək şansı da olmayacaq.
Təəsüf ki, məsələ bununla da qalmadı, Azərbaycan rəhbərliyi Putinlə əlbir olub Türkiyənin Qarabağda hərbi iştirakının qarşısını aldı. Bununla da regionda hərbi strateji balans birtərəfli şəkildə Rusiyanın xeyrinə dəyişdi və Azərbaycan öz hərbi uğurlarını siyasi müstəviyə daşımaq, Rusiyanın hərbi təzyiqlərinə müqavimət göstərmək imkanlarını itirdi.
10 noyabr Bəyanatının üstündən çox keçmədən bəlli oldu ki, Qarabağa yerləşdirilən rus ordusu ora heç də sülhyaratma missiyası üçün gəlməyib. Aydın göründü ki, Rus ordusu köçüb gedən erməniləri geri qaytarıb məskunlaşdırmaqla, ermənilər üçün infrastruktur layihələri həyata keçirməklə, separatçı qrumun qanunsuz silahlı birləşmələrini yenidən təşkil etməklə, nəzarət sahəsini genişləndirib ərazidəki strateji yüksəklikləri ələ keçirməklə, Laçın dəhlizindən silah sursatın Qarabağa gətirilməsini təşkil etməklə məşğuldur.
1 il ötəndən sonra indi birmənalı şəkildə demək olar ki, Azərbaycan Ordusunun hücum əməliyyatlarının dayandırılması, Putinin diktəsi ilə üç tərəfli Bəyanatın imzalanması və Rus işğal ordusunun Qarabağa buraxılması milli maraqlarımıza vurulan ən ağır zərbə kimi böyük tarixi səhv idi.
Bəyanat imzalandıqdan 3 saat sonra Rusların Qarabağa daxil olması faktı da onu göstərir ki, bütün məsələlər bir ssenari olaraq öncədən hazırlanmışdı. Ona görə də Ermənistanla sərhəddə gözləyən Rus ordusu Qarabağa daxil olmaq üçün hazır gözləyirmiş. Sadəcə Paşiniyanın təslim olmaq istəməyib dirənməsi, Azərbaycan ordusuna Şuşanı işğaldan azad etmək üçün tarixi bir fürsət yaratdı.