Bu gün Milli Məclisdə dövlət rusumlarının qaldırılmasına dair təkliflərə baxılır. Hərbi prokuror: “İkinci Qarabağ Müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işləri başlanıb” – ətraflı BBC News Azərbaycancanın icmalında
Milli Məclisdə dövlət rusumlarının qaldırılmasına dair təkliflərə baxılır. Bu dəyişikləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarıb.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklərdə xarici pasportlardan tutmuş dərman preparatlarının dövlət qeydiyyatına alınmasına qədər müxtəlif rüsumların qaldırılması nəzərdə tutulur.
Şərhçilərə görə, əhali bu xidmətlərin bəzilərini “dövlətdən alternativsiz aldığı” üçün artım “narazılıq yarada bilər”.
Azərbaycanda dövlət rüsumları ilə bağlı, ümumilikdə, 250-dən çox dəyişiklik təklif olunur, yerli media yazır.
Maliyyə Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, bəzi xidmətlərdə “dövlət rüsumlarının çoxu 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib”.
“Bu müddət ərzində baş verən infilyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub, – Nazirlikdə qeyd ediblər, -Dövlət rüsumu dərəcələri sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması təklif olunur.”
“Bahalaşmaya səbəb olacaq”
Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli hesab edir ki, rusumları qaldırmaq planları “zəncirvari bahalaşmaya səbəb olacaq.”
“Bu gündən həm də qazın və elektrik enerjisinin yeni tarifləri qüvvəyə minir”, Bəydəmirli xatırladıb.
İqtisadçının qənaətinə görə, hökumət dövlət adından verilən xidmətlərin tariflərini və rüsümlarını maya dəyərinə uyğunlaşdırmalıdır, yəni maya dəyərindən çox da ciddi fərqlənməməlidir.
“Vətəndaş həm vergi ödəyicisidir, həm də bu xidmətləri dövlətdən alternativsiz alır, çünki bazar iqtisadiyyatı olmasına baxmayaraq, kommunal xidmətləri başqa şirkətlər vermir, dövlət şirkətləri və dövlət mülkiyyətində olan şirkətlər verir”, iqtisadçı vurğulayıb.
“Maya dəyəri 2 manata olan pasportu vətəndaş nəyə görə 40-50 manata almalıdır və yaxud sürücülük vəsiqəsi və yaxud nigahın qeydiyyata alınması sənədləri olsun?”, Bəydəmirli sual edir.
“Sivil dünyada, bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə dövlət adına verilən rüsumlar, xidmətlərin rüsumları maya dəyərindən ciddi fərqlənmir. Maksimum 30 faiz, rentabelliyi nəzərə almaqla maya dəyərindən o qədər artıq ola bilər. Bizdə isə ASAN xidmət də başda olmaqla dövlət orqanları tərəfindən vətəndaşa verilən xidmətlər sanki kommersiya fəaliyyəti kimi həyata keçirilir, nəticədə də vergi ödəyicisi, vətəndaş bir xidmətə görə bir neçə dəfə ödəniş etmək məcburiyyəti qarşısında qalır.”
İqtisadçı hesab edir ki, bu addımları atan zaman cəmiyyətə əsaslı arayış, izahat verilməlidir ki, bu xidmətlərin maya dəyəri nə qədər artıb: “Onda təbii ki, bunlar audit yoxlaması ilə təsdiq olunmalıdır”
Keçmiş millət vəkili qeyd edib ki, “hökümətin borcudur ki, xidmət səviyyəsi yüksək olsun”: “Hökümət vətəndaşa normal xidmət göstərməllidir – bu onun vəzifəsidir.”
“Əgər xidmətin maya dəyəri artıbsa, bunu vətəndaşlara normal izah etmək lazımdır və hesabatlı olmaq lazımdır, ancaq bu tarifləri və rüsumları “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq təsdiq edən Milli Məclisin üzvləri dövlət qurumlarını sorğu-sual etmirlər ki, niyə artıb, nə səbəbdən artıb və niyə bu qədər artıb?”
“Dövlət qurumlarını biz vətəndaşlar saxlayırıq, vətəndaşların vergiləri hesabına, onlar da bizə hər hansı xidmət göstərirsə, bunu niyə maya dəyərindən on dəfələrlə artığına satmalıdır? Hansı zərurətdən bu irəli gəlir? Bu, vətəndaşların narazılığına və etirazına səbəb olur”, – Nazim Bəydəmirli qeyd edib.
Nə təklif olunur?
Təkliflərə görə, dərman preparatlarının dövlət qeydiyyatı, gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumlarının qaldırılması nəzərdə tutulur. Dərmanların dövlət qeydiyyatı 100 manatdan 150 manata artırılır, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq.
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə görə dövlət rüsumlarının alınması nəzərdə tutulur. Ətin, heyvan, quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə isə dövlət rüsumlarının alınacağı gözlənir.
Avtomobillərin texniki baxış rüsumları da artırılır. Eləcə də minik avtomobillərinin yaxın qohumlara bağışlanması halları ilə əlaqədar rüsum 10 manatdan 20 manata çatdırılır.
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə rüsumlara da dəyişiklik təklif edilir.
Bundan başqa, xarici pasportlarının verilməsi və ya dəyişdirilməsi, eləcə də qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsumların artırılması təklif olunur.
Bbc azeri