AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
AXCP sədri Əli Kərimli “Zəfər” günü münasibətilə hökumətə “qızıl” amnistiya vermək təklifi edib. Ancaq, dolaşan xəbərlərdən bəlli olur ki, hökumət sıradan “bürünc” bir amnistiya ilə məsələni yola vermək niyyətindədir. Təqribən 1500 məhkumun azadlığa çıxacağı deyilir.
Bundan öncə verilmiş amnistiyaların da, aşağı yuxarı, elə bu sayda insana təsiri olmuşdu. Adətən, bu cür gözdən pərdə asmaq üçün verilən amnistiyalar yüngü cinayətlərə görə həbs olunmuş və azadlığa çıxmağına bir neçə ayı qalmış şəxslərə, məntəqə tipli müəssilərə aid məhkumlara şamil olunur. Az ağır, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunanlara isə, bir qayda olaraq amnistiya heç bir halda şamil olunmur.
Əgər, dolaşan xəbərlər realdırsa onda bu dəfə də veriləcək amnistiya nəinki “qızıl”, heç “bürünc” də olmayacaq.
Məlumatlara görə hər bir məhkumun saxlanılması üçün gündəlik olaraq dövlət büdcəsindən təqribən 21 manat ayrılır. Həbsxanada ailəsinin, yaxınlarının gətirdiyi ərzaqla keçinən məhkumlara, bu vəsaitin 1 manatının da çatmaması ayrı bir yazının mövzusudur. Bizim nəzərə çatdırmaq istədiyimiz 22 mindən artıq dustağın saxlanılmasının dövlət büdcəsinə nə qədər ağır yük olmasıdır. Bu təqribən günə 500 min, aya 15 milyon, ilə isə 180 milyon manat edir. Dövlət büdcəsini bu qədər yükləməyə dəyərmi? Əlillərin, təqaüdçülərin, ehtiyac içində olanların sosial müavinətlərin kəsincə, bu məhkumların sayıını da azaldıb, ən azı 100 milyon manata qənaət etmək olar axı. Dəfələrlə həbsxana həyatını görmüş bir şəxs kimi əminliklə deyə bilərəm ki, bu gün məhkumların yarıdan çoxunu həbsxanalarda saxlamağın heç bir faydası yoxdur və onların azadlığa çıxması cəmiyyət üçün də, ailələri üçün də, elə dövlət üçün də faydalı olardı.
Bu baxımdan bütün məhkumlara şamil olunacaq kütləvi amnistiya, 1500 əvəzinə 15 min adamın azadlığa çıxması, hakimiyyətin imicinə də müsbət təsir edər, , ona qarşı cəmiyyətin münasibətini xeyli yumuşaldar.
Həbsxanalarda insanlar hər gün xoş bir xəbər, onları azadlığa qovuşduracaq ümidin həsrətindədirlər. Heç olmasa bu dəfə hakimiyyəti səxavətli davranmağı bacarsın.