AXCP sədri Əli Kərimli
“Qızıl” amnistiyadan kimlər qazanar, kimlər itirər?
Əvvəlcə dəqiqləşdirək, ölkə həbsxanalarında hazırda cəza çəkən kimlərdir?
Hazırkı məhkumların az bir qismi həqiqətən də insanlıq əleyhinə qəddar cinayət törətmiş şəxslərdir. Belələrilə məsələ aydındır və onlar cəmiyyətdən təcrid olunmalıdır. 100 nəfərdən bir az artıq da siyasi məhbus var məhbəsdə. Onlar barədə də sonda yazacam. Bəs hazırkı məhkumların əksəriyyəti kimlərdir? Mən əsasən 3 böyük qrupu fərqləndirərdim.
- Hüquq mühafizə orqanlarının iş görüntüsü yaratmaq üçün həbs etdiyi xırda cinayətkarlar. Hüquqi nöqteyi nəzərdən bu kateqoriyadan olan məhkumlar da cinayət törədiblər. Məsələn, dələduzluq ediblər, dövlət əmlakını mənimsəyiblər, narkotiklə bağlı həbs olunublar. Ancaq unutmayaq ki, eyni cinayətləri daha böyük miqyasda törədənlər bir qayda olaraq ölkəmizdə cəzasız qalırlar, hətta bir çox hallarda böyük vəzifələrdə əyləşirlər.
- Ehtiyatsızlıq üzündən və ya qəsdən ağır olmayan cinayət törədib, adamı və ya pulu olmadığı üçün məhkum olunub. Hansı ki, eyni cinayətlərin daha ağırını törədən arxalı və pullular həbsdən uğurla yayınır.
- İstintaq və məhkəmənin səhvi və ya qərəzi üzündən həbs olunanlar. İnsan həyatının dəyəri olmayan cəmiyyətdə belə səhv və qərəzlər də çox olur və xeyli günahsız adamın həyatını məhv edir.
Bu qruplara daxil olan məhkumlar əslində hələ cəmiyyət üçün itirilməmiş adamlardır. Ancaq həbsxana şəraitində bu adamların bir çoxu məhz oradakı mühitin təsiri altında əsl cinayətkara çevrilirlər. Ona görə də hələlik əsl cinayətkara çevrilməmiş nə qədər çox məhbus azadlığa çıxa bilsə, o qədər insan həyatı xilas olmuş olar. Minlərlə insana həyatı yenidən başlamaq fürsəti verilər.
Həmin bu az təhlükəli cinayətkarların, xüsusilə də məhkəmə səhvi üzündən məhkum olunanların əsl cinayətkara çevrilmədən “qızıl” amnistiya vasitəsilə azadlığa çıxmasından bütövlükdə cəmiyyət də qazanar.
Sirr deyil ki, dövlət tərəfindən məhkumlara ayrılan vəsaitin əksəriyyəti vəzifəli şəxslər tərəfindən mənimsənilir. Ona görə də bir qayda olaraq məhkumları ailələri saxlayır. İndiki ağır sosial durumda üstəlik, həbsdə olan ailə üzvünə də baxmalı olan ailələrin vəziyyətini təsəvvür edin.
“Qızıl” amnistisiya vasitəsilə minlərlə məhbusun azadlığa qovuşması məhkumların 10 minlərlə ailə üzvlərinin üzərindən böyük bir yükün götürülməsi olar.
Nəhayət, “qızıl” amnistiya vasitəsilə siyasi məhbusları azad edib ölkədəki gərginliyi xeyli dərəcədə azaltmaq, ölkəni beynəlxalq aləmin tənə və tənqidlərindən xilas etmək olar.
Yazı çox uzanmasın deyə mən geniş amnistiyanın faydalarını sadalamağı burada dayandırıram.
Bəs geniş amnistiyanın verilməsindən kimlər itirər? Cavabı hamı bilir. Məhbus “biznesindən” hər il 100 milyonlarla manat pul qazanan balacalı – böyüklü korrupsionerlər. 20 min nəfərdən artıq məhbusu qazanc mənbəyinə çevirmiş cinayətkar şəbəkə. Onlar minlərlə insanı incitmək, 100 milyonlarla manat pulu mənimsəmək imkanını itirərlər. Başqa kimlər itirər, geniş əhatəli amnistiyadan? Ölkəni qorxu və nifrət gücünə idarə etmək istəyənlər, cəmiyyəti davamlı olaraq gərginlik içində saxlamaqda maraqlı olanlar.
Əziz həmvətənlər, 8 noyabr – Şuşanın azad edildiyi Zəfər gününə az vaxt qaldı. Amnistiya istəyimizi hamılıqla dilə gətirək, yazaq ki, hakimiyyət anlasın: həm siyasi, həm də qeyri-siyasi minlərlə məhkumu azadlığa çıxaracaq “qızıl” amnistiya sosial sifarişdir, xalqın tələbidir!