AXCP sədri Əli Kərimli
İlham Əliyev Londondakı mülklərinin üstünün açılmasının da qisasını Saleh Rüstəmlidən almaq istəyir? Bütün “cinayəti” cəbhəçi siyasi məhbuslar üçün 300-500 dollarlıq yardım göndərməkdən ibarət olan Saleh Rüstəmli təhlükəli cinayətkar kimi 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 4-cü ildir ki, həbsdədir. Ancaq bu qədər haqsız cəza da Əliyevin ürəyini soyutmayıb. Saleh bəyin qohumlarının da əmlakının müsadirəsinə start verilib. Gədəbəyin keçmiş icra başçısı, 1-ci Qarabağ savaşının qəhrəmanlarından olan Saleh bəyin hətta qardaşının həyat yoldaşının əmlakı da müsadirə olunur. Saleh bəyin qardaşının həyat yoldaşının cəmi 17 faiz payı olan binanı belə müsadirə edirlər. Rejim o qədər azğınlaşıb ki, hətta Saleh bəyin rəhmətlik atasının 1957-ci ildə tikdirdiyi evin belə boşaldılmasını və müsadirəsini tələb edir. Baxmayaraq ki, hazırda həmin evdə azyaşlıların da olduğu iki ailə yaşayır.
Rejimin Niyaməddin bəyə, Saleh bəyə, bütövlükdə cəbhəçilərə tətbiq etdiyi qəddarlıq, qisasçılıq bütün hədləri aşır. Normal insan təfəkkürü bu qədər anti – insani davranışı, qəddarlığı dərk etməkdə acizdir. İnanmaq belə çətindir ki, bütün bunlar 21-ci əsrdə Avropa Şurasına üzv olan dövlətdə baş verir. Rejim orta əsrlərə aid məhdud təfəkkürü, acgözlüyü, kini və qəddarlığı ilə ölkəni uçuruma aparır. Yalnız xalqımızın elliklə etirazı bu rəzaləti durdura bilər.