İraqdan 38 uşaq Azərbaycana gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, oktyabrın 28-də məlumat yayıb.
Məlumatda qeyd edilir ki, oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın repatriasiyası həyata keçirilib: “Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub”.
İndiyədək 286 uşaq və iki qadın gətirilib
Uşaqlar Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəyə gətirilib: “Azərbaycan Respublikasına (AR) gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Bu xüsusda, indiyədək 286 uşaq və iki qadın olmaqla, ümumilikdə 288 nəfər AR vətəndaşının İraq Respublikasından repatriasiyasına müvəffəq olunub”.
Həmin uşaqlar, əsasən, müharibə qurbanları sayılır. Onların valideynlərinin son illər Azərbaycanı tərk edərək müxtəlif Şərq ölkələrinə üz tutduqları bildirilir. Azərbaycanı belə tərk edən insanların sonrakı fəaliyyətlərinin də araşdırıldığı deyilir.
Azadlıq radiosu