“Sınaq imtahanlarında bəzi sualların cavabı səhv çıxıb”. Bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dünənki açıqlamasındandır.
Söhbət nədən gedir? Test tapşırıqlarının imtahandan əvvəl qapalı ekspertizası aparılmayıb və… bəzi suallarda doğru bilinən cavabların sonradan səhv olduğu aydınlaşıb.
Anlamaq çətindir ki, burada təəccüblü nə var? Təəccüblü nə var ki, Dövlət Komissiya işi bu qədər böyüdüb və özünü hansısa açıqlama vermək məcburiyyətində hiss edib? Boş verin, cənablar, boş verin! Azərbaycan reallığında bu, bir normadır.
Məsələn, aylar əvvəl bizim kral həzrətləri “Euronews”-ə müsahibə vermişdi. Cavabların hamısı səhv idi. Qiyamət qopmadı ki?
Ümumiyyətlə, bu hakimiyyətin sayəsində elə bir vəziyyət yaranıb, ölkədə çoxluğun həlledici suallara doğru cavab vermək imkanı qalmayıb. Məsələn, belə bir sual düşünün: Ilham Əliyev kimdir?
A) Prezident
B) Ali Baş Komandan
C) Kral
D) Xalqın son ümid yeri
Normalda doğru cavabın “kral” olması gərəkərkən nə qədər vətəndaşımız məhz bunu tərcih edər? Bu cavabı verməyə neçəmizin ürəyi, ağlı və cəsarəti yetər?
Və elə isə Allah eşqinə deyin, bundan sonra Nyutonun üçüncü qanunu, əruz vəzninin bəhrləri, tabeli mürəkkəb cümlənin formaları haqqında sualların cavablarının doğru-yanlış olmasının bir mənası qalırmı?
Müstəqilliyin xatirəsinə…
Azərbaycan xalqını korrupsiya, yağmaçılıq, süründürməçilik, sümürücülük yolu ilə, azadlıqları boğmaq, hüququ əzmək, 21-ci əsrdə özünü dünyaya rəzil-rüsvay edərcəsinə monarxiya qurmaq hesabına müstəqillik kimi tarixi bir uğurdan iyrəndirib, sonra da utanmadan müstəqilliyimizin 20-ci ildönümünü qeyd etmək istəyənlər bu münasibətlə xatirə qızıl sikkəsi buraxacaqlarını açıqladılar dünən. Bişmiş toyuq eşitsəydi, gülməkdən uğunardı yəqin.
Müstəqilliyin qazanılmasında ən böyük paya sahib olan bir adamın – Elçibəyin adi daşdan heykəlini yonmağa əxlaqı, iradəsi çatmayanların qızıl sikkə sevdası insanda ikrahdan başqa bir şey doğura bilməz.
Amma bu işə bir də yaxşı gözlə baxaq. O sikkələr niyə buraxılacaq? Müstəqilliyin xatirəsinə… Yəni…
Yəni bununla özləri də Azərbaycanın azadlığını qətl etdiklərini, özgürlüyünü dəfn etdiklərini boyunlarına almış olacaqlar. Əks halda, nədən müstəqilliyin şərəfinə deyil də, xatirəsinə sikkə hazırlamaq eşqinə düşsünlər ki?
Səmimi peşmançılıq ifadəsi
Keçənlərdə bir zamanların odlu-alovlu müxalifətçisi, indi isə Ilham Əliyevin yanına düşüb məktəb açılışına getməkdən ötrü ürəyi uçunan bir təyinatlı deputat Novella Cəfəroğluna 70 illik yubileyi münasibəti ilə “Istiqlal” ordeni verilməsini istədi.
O zaman bu haqda yazmaq istədim, amma yazmadım. Novella xanımın çıxıb həmin deputata etirazını ortaya qoyacağını gözlədim. Çünki hüquqa tüpürmüş, qanunlara sırtını dönmüş, ədalət hissini itirmiş, işgəncə maşınının sükanı arxasına keçmiş bir rejimin əlindən hansısa ödülü almaq hüquq müdafiəçiliyinə təhqirdən başqa bir şey deyildi.
Ancaq gözləntimin əksi oldu. Novella xanım iqtidardan hər hansı ödülü sevinə-sevinə alacağını açıqladı. Onu qınamıram. Günah məndədir. Son vaxtlar hüquqdan çox hakimiyyətin müdafiəçiliyinə girişmiş, hər fürsətdə rejimin əl-üzünü yumaqdan ötrü əldən-ayaqdan gedən Novella Cəfəroğlundan hələ də hansısa dirəniş gözləyən birisinə bu da azdır.
Səhvimi anlayır və səmimi peşmançılıq hissi keçirdiyimi bildirirəm. Ifadəmi öz imzamla təsdiq edirəm.
Taleyin ironiyası
Bilirsiniz ki, bu il 100 illiyini qeyd edəcəyimiz şanlı Müsavat Partiyasının himninin sözlərini müxalifətçilikdən iyrənərək ictimai-siyasi mövzularda susan, amma nədənsə Ismayıl Ömərovdan iyrənməyərək ITV-də qeyri-mücərrəd, funksionallıqdan uzaq, fəlsəfi-səfsəfi mövzularda dil-dil ötən Ramiz Rövşən yazıb.
Himnin sözlərində belə misralar var:
Tarix boyu gah meydana, gah zindana girdi,
Zalım elə bildi daha dustaqdı Müsavat!
Doğrudur, tamamilə doğrudur, amma dərd orasındadır ki, axırda Ramiz Rövşənin özü də elə bildi…