AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
1992 – ci ildə uzun gecikmədən sonra nəhayət ki, Ali məktəblərdə dərslər başladı. Qəbul olunduğum indiki Prezident yanında Dövlət İdarəçikik Akdemiyasına ilk gəlişimdə böyük bir başlanğıca, yeni bir həyata daxil olmağın həyacanı vardı. Artıq xəyallarımda təsəvvür etdiyim siyasətçi peşəsinə yiyələnmək üçün tale qarşımda həsrətlə gözlədiyim bir fürsət açmışdı. Topladığım bal hüquq fakültəsinə düşsə də, mən politologiyanı seçmişdim.
Qrupumuzda olanların əksəriyyəti rayon, kənd uşaqları idi. İlkin tanışlıqdan sonra mənə aydın oldu ki, əksəriyyət üçün politologiya ixtisası heç də bir arzu deyilmiş, onlara sadəcə ali məktəbə qəbul olunmaq gərək imiş. Kimsənin siyasətlə məşğul olmaq kimi bir arzusu, istəyi yox idi.
Qrupumuzdakılsrın əksəriyyəti kasıb uşaqları idi, testin verdiyiyi fürsət hesabına Ali məktəbə qəbul oluna bilmişdilər. Üst başlarından, geyim keçimlərindən hiss olunurdu ki, Bakıya gəldikləri üçün ailələri xeyli maddi yük altına girməli olub.
Mən isə öz geyimimə görə onların arasında daha kasıb görünürdüm. Atam az maaşa qulluq edən müəllim, anam isə tibb bacısı idi. Aldıqları maaşla 6 nəfərlik ailəni çətinliklə dolandırırdılar. Anamın qənaəti və xərcləri dəqiq bölüşdürməsi olmasaydı alınan maaşı ayın axırına çatdırmaq çətin ki, mümkün olardı. Ümumiyyətlə isə, əksəriyyət üçün çətin dövrlər idi.
Mən inistuta atamın köhnə, kənarları sürtülüb ağarmış, əynimə 2-3 ölçü böyük gələn paltosu və eyni ölçüdəki geyilmiş pencəyi ilə gəlmişdim. Mənə baxanda başqalarının geyimi çox yaxşı hesab olunurdu. İlk gündən bu vəziyyət məni sıxmağa, hətta utandırmağa başladı. Bir tərəfdən böyük həvəs və həyacan duyduğum auditoriya, öyrənmək marağı, o biri tərəfdən də, başqaları ilə müqayisədə gözə çarpan yoxsulluq və üstümdəki böyük ölçülü, nimdaş paltarın daş kimi ağır xəcalət yükü. Hiss edirdim ki, hər gün bu paltarda inistuta daxil olmağım get – gedə məni daha çox sıxır, əvvəlki marağımı, həvəsimi öldürür, sıxılıb özümə qapanmağıma səbəb olurdu. Etiraf edim ki, içimdə bəzən valideynlərimi qınayır, dərs vaxtı qeyri ixtiyari olaraq diqqətim danışılan mövzudan yayını, kənardan çox pis görünüb görünməddiyimi götür qoy edirdim.Və axırda da “lənətə gəlsin bu həyatı” deyib əlacsızcasına öz vəziyyətimlə barışmalı olurdum.
Daha belə davam edə bilməyəcəyimi görüb qərara aldım ki, özümə başqa bir paltar alım. Evdən göndərilən pul onsuz da yeməyimə güclə çatsa da, götür qoy edib yemək xərcimi biraz da azaltmaq qərarına gəldim. Demək olar ki, ət yemirdim, yalnız təsadüfən Bakıdakı qohumlara qonaq gedərkən bəzən onlarda ət yeməyinə qonaq olardım. Həddən artıq utancaq olduğumdan, ac olduğum halda belə , bir çox hallarda onların yemək təklifindən israrla imtina edir, özümü tox və qürurlu göstərirdi. O üzdən də əksər hallarda ac qarına çay içməklə kifayətlənirdim. Əmioğlum isə məndən fərqli olaraq ya işlədiyi yerdə, ya da ki, növbə ilə getdiyi qohumların evində yeyirdi. Ona görə də yeməyi əksər hallarda mən özüm üçün hazırlamalı olurdum. Bu şəraitdə isə bişirdiyim ən yaxşı xörək, anamın rayondan göndərdiyi əriştədən hazırladığım ətsiz duru yemək olurdu. O da həftədə, on gündə bir olardı. Qalan vaxtlar isə ya yumurta, ya da ki, kartofu müxtəlif formalarda hazırlamaqla günümü yola verirdim. Bu çox da çeşidli olmayan yemək xərcimidən bir qədər kəsib ilk tələbə təqaüdümün üstünə qoydum və İrandan gətirilərək satılan, yalnız payız fəsli üçün yarayan qara rəngli bir kurtka aldım. Lakin həmin vaxt qış çox sərt keçdiyi üçün, bu kurtkada bərk üşüyür, onunla yalnız institutda əvvəlki utanmaq hissindən qurtula bilirdim.
Qrupda və “patokda” yeganə kostyumu olmayan tələbə mən idim. Ancaq çalışırdım ki, bu duruma fikir verməyim.
Adi dərs günlərindən biri idi. Vaxtı ilə Heydər Əliyevin dövründə Mingəçevirdə 1 – ci katib işləmiş Ramiz müəllim “patokda” mühazirə deyirdi. Elə bir savadı olmasa da, çox yaxşı insan idi. Nə oldusa həmin mühazirə zamanı oldu. Sonradan dəfələrlə fikirləşirdim, kaş həmin gün dərsə getməyəydim. Ancaq, olan olmuşdu və heç nə zamanı geri gətirə bilməzdi.
Müharibə və yeni iqtisadi formasiyanın qurulduğu şəraitdə mövcud durumun çətinliklərindən danışan Ramiz müəllim üzünü 3 qrupun əyləşdiyi auditoriyaya tutub dedi ki, “uşaqlar içinizdən eləsi var ki, bəlkə də geyinməyə heç bir dəst kostyumu belə yoxdur”. Daha sonra nə dediyini eşitmədim. Beynimdən ani bir fikir keçdi. “Yəqin məni deyir.” Bir anda sanki başımın içində göy guruladı, gözlərimdə şimşək çaxdı. Nə görür nə də eşidirdim, mənə elə gəldi ki, hamı başını çöndərib mənə baxır, rişxəndlə gülür, istehzalı nəzərləri ilə üzümü qamçılayırdı. “Yeganə kostyumu olmayan mənəm, mənim yoxsulluğumu, pis geyinməyimi misal gətirdi əclaf, məni pərt elədi.”
Gözlərimi dikdiyim stolun üstündən nəzərlərimi qaldırmağa nə gücüm, nə də ki, cəsarətim vardı. Əvvəl qulaqlarımın necə qızardığını, sonra isə istiliyin bütün bədənimə yayılıb məni tərlətdiyini hiss etdim. ” Hə xəcalət təri dedikləri buymuş, mən ki, suyun içində üzürəm, bəs evə belə necə gedəcəm.” Böyük bir çətinliklə, təhlükədən qorxan uaq hürkəkliyi ilə başımı azca yana çevirib, nəzərlərimi yerdən qaldırdım. Yox, kimsə mən tərəfə baxmırdı, heç kim mənə fikir vermirdi, hərə öz işində idi. Nəhayət ki,” lənət saatı” bitdi, hamı sinifdən çıxmağa başladı. Ən axırda çıxan isə mən oldum.
Səhərisi gün 10 – 15 günlüyə rayona getmiş əmim oğlunun kostyumunu şfanerdən çıxarıb, uzun bir tərddüdən sonra geyindim. Boz rəngli kostyumu əmim oğlu tikdirmişdi və arada bir geyinərdi. Mən onun Keşlə qəsəbəsindəki 1 otaqlı, çökək ərazidə yerləşən, neft ayırma zavodunun fəhlələri üçün tikilmiş evində qalırdım. İndi bu vəziyyətində, ondan xəbərsiz paltarını götürərkən sanki, qaldığım evdən oğurluq edirmiş kimihiss edirdim özümü.
Ancaq dünən inistutda olanlardan sonra mən ya dərsə getməməli, ya da ki, hər kəsə mənim də kostyumum olduğunu göstərməli idim. Çətinliklə tərəddüdə son verib, əynimə biraz böyük olan kostyumu geyindim. Güzgünün qabağına keçib özümə baxdım, gülümsədim, “mənə kostyum yaraşır” deyə düşündüm.
Həmin gün məktəbdə çox məmnun idim, zarafatlaşır, bir yerdə durmurdum. Sonrakı 5-6 gün tərslikdən çox sürətlə keçdi. İndi hər gün məktəbə gedib gələndə birdən əmioğlum gəlib kostyumunu geyindiyimi görər deyə böyük bir gərginlik keçirir, evə gələndə öncə pəncərədən gəlib – gəlmədiyini öyrənmək üçün içəriyə baxır, sonra tələsik evə girib paltarımı dəyişirdim. Həm də ki, nə olur – olmaz deyib çalışırdım ki, qonşular da məni bu qiyafədə görməsinlər.
Və bir gün sanki içimə qeybdən bir hiss doldu. “O, bu gün gələcək” . Nə illah etdimsə, bu fikri başımdan çıxara bilmədim. Yenə əvvəlki qiyafəmi geyinib dərsə yollandım. Xoşbəxtlikdən hava xeyli yumuşaldığlndan elə də üşümürdüm. Adi dərs günlərindən birini başa vurub evə dönəndə əmioğlumu evdə gördüm. Mənim sanki yerə mismarladılar, qapının ağzında donub qaldım. Bunu görən əmioğlum “sənə nə olub?” deyib mənə tərəf gələndə, tez özümü ələ alıb, “heç nə” deyib əlimi ona uzatdım və salamlaşdıq. Mən onun kostyumunu gizli, xəbərsiz geyinib ifşa olunmaqdan qurtulduğuma görə əhvalım çox yaxşı idi. Əmioğlumda elə bilirdi ki, onun gəlişinə görə belə sevinirəm.