Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Hamı gedib quş gətirir, Şahqulu bayquş gətirir. Kimin gətirdiyi tam aydın deyil, amma bu 3+3 formatı deyilən bayquşu kim gətirirsə bu regionu xaraba qoymaq üçün gətirir.
Bəzi yandaş mətbuatın yazdığına və Rusiya XİN sözçüsü Mariya Zaxarovanın təsdiqlədiyinə görə bu formatı İlham Əliyev inisasiya edib. Digər tərəfdən 3+3 ideyasını neçə aylar bundan əvvəl öz qulaqlarımızla Lavrovun dilindən eşitmişik. İndi kofe çöküntüsündə fala baxırıq – bu təklif Rusiyanın diqtəsi ilə edilib, yoxsa İlham Əliyevin öz ağlının məhsuludur. Əgər bu Rusiyanın diqtəsi ilə edilibsə və Əliyev Rusiyanın milli təhlükəsizliyimizə birbaşa təhdid olan belə diqtələrinin qarşısında duruş gətirə bilmirsə, yaxud hansısa səbəbdən gətirə bilməyəcək dərəcədə Putindən asılıdırsa, qorxursa, o artıq müstəqilliyimizə, dövlətçiliyimizə ciddi təhlükəyə çevrilir. Yox əgər onun öz ağlının məhsuludursa onda onun heç ağlı yoxdur. “Hər şeyi bilən” adam ya regionda baş verənləri, regiondakı güc balansını dəyərləndirmək qabiliyyətində deyil, ya da bilmirəm nə deyim. 3+3 ideyası qədər absurd, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid olan başqa ideya fikirləşib tapmaq çətindir. Müxtəlif düşüncəli, müxtəlif yönlü, kəskin münasibətli, hər birinin bir-birinə ərazi iddiaları olan 6 dövləti bir əməkdaşlıq çətirinin altına yığmaq səmərəsiz, nəticəsiz və ən əsası Azərbaycan üçün arzu olunmaz səylərdir.
Rusiya 180 il bundan qabaq erməniləri Azərbaycan torpaqlarına kütləvi köçürərək torpaqlarımızda Ermənistan dövlətini yaratmış, 100 il bundan qabaq Zəngəzuru ermənilərə bağışlamış düşmən bir dövlətdir. Keçən il də Ordumuzun zəfər hücumunu dayandırıb Qarabağın dağlıq hissəsinə qoşun yeritdi və indi orada həyasızcasına saymazlıqla, bizə həqarətlə ermənilər üçün dövlət qurur.
Rusiya dünya siyasətinin oyunçusu mövqelərini bərpa etmək istəyir. Bunun üçün siyasi-iqtisadi üsullardan deyil, hərbi-siyasi üsullardan yararlanmağa üstünlük verir. Çünki, birincisi, mentaliteti aqressiya, parçala hökm sürdür, ikincisi iqtisadiyyatı imkan vermir. Və regionun ən güclü hərbi elementi kimi 3+3 formatının patronu olacağı şübhəsizdir. Rusiyanın regiona təsirini zəiflətmək üçün dünyanın nüfuzlu ölkələrini bura cəlb etmək əvəzinə onu burada möhkəmləndirəcək 3+3 tipli axmaq ideyalar Azərbaycana xəyanətdir. Əgər söhbət avtoritarizmin qorunmasından gedirsə onun açarı Rusiya deyil Azərbaycan xalqının əlindədir. Xalq isə artıq doymuş məhlula çevrilib.
İranın Qafqazda heç bir geopolitik marağı yoxdur, onun maraqları cənubda, neftli torpaqlarda və əsas neft marşurtlarının keçdiyi Fars körfəzindədir. Azərbaycanla münasibətlərini Azərbaycanın onun daxilindəki türk toplumuna təsiri müəyyənləşdirir. Sərhədlərimizdə gah təyyarə uçurması, gah tank-top oynatması təhdid deyil, təzyiq mahiyyəti daşıyır. İranın Azərbaycana ərazi iddiaları yoxdur. Çünki İranın demoqrafiyasını türk elementinin, özü də müstəqillik görmüş, dinamik 10 milyonluq türk elementinin xeyrinə dəyişmək fars şovinizminə heç bir formada gərək deyil. Bu onsuz da İranda çoxluq təşkil edən türk millətini İranın titul millətinə çevirər. İranın Azərbaycan siyasətinin yeganə məqsədi buradan pantürkizmin eksportunun qarşısını almaqdır. Bunun üçün strateji hədəf Azərbaycanda sekulyarizmin yayılması, türkçülük düşüncəsinin ümmətçilik düşüncəsi ilə əvəz olunmasıdır. Müstəqilliyimizin ilk illərindəki boşluqlar zamanı İranın ölkəmizdə qurduğu şəbəkə onun bu istiqamətdə nə qədər təhlükəli olduğunun nümayişidir.
Rusiya Gürcüstanı parçalayıb, onun demək olar ki, bütün şimalını Gürcüstandan qoparıb müstəqil dövlət elan edib. Hansı ağılla Gürcüstana Rusiya ilə bir format çərçıvəsində əməkdaşlıq təklif etmək olar? Bəlkə Əliyev hesab edir ki, gürcülər də öz torpaqlarının işğalını onun kimi asanlıqla yeyəcək? Və xoşbəxtlikdən Gürcüstan bu konfiqurasiyanın açar elementi olaraq o formata heç bir halda qoşulmayacaq.
İlham Əliyev, Azərbaycan xalqı Ermənistanla əməkdaşlığa hazırdırmı və bu əməkdaşlıq bizə lazımdırmı? Sən iki daşın arasında Xocalı qətliamını bizə necə yedizdirə biləcəksən? Həftə cəkkiz, mən doqquz Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlıdasan, ermənilərin xarabazara çevirdikləri torpaqları öz gözlərinlə görürsən. Viranə qoyulmuş yurdu, torpağı torba ilə daşınmış, köçhaköçdə düşmən sifəti ilə oda bələndirilmiş Kəlbəcəri kim onlara belə asanlıqla bağışlaya bilər? Şəhidlər xiyabanına gedirsən, orada Qarabağ şəhidlərinin məzarlarını say. Onların hamısının ölümünün səbəbi Qubadlı, Zəngilan, Fizuli deyil. Qordi düyünü Dağlıq Qarabağdır, hansını ki sən uf demədən rus qoşunlarını buraxıb erməniyə təhvil verdin.
Dağlıq Qarabağda hansı ermənini dindirirsən bizə nifrin püskürür, hansı Ermənistan vətəndaşını danışdırırsan ağzından türkə od tökülür. Bunlar 30 il bu torpaqlarda vəhşiliklər törədən xalqdır. Bəs vəhşılıklərə məriz qalan xalqı hissiyatsızmı hesab edirsən? Sən kimsən?
Əgər İlham Əliyev özünün taleyini Rusiyaya sığınmaqda görürsə, getsin sığınsın. Orada özünə bir neçə milyardlıq taxt-tac da qurub. Yox əgər taxt-tacını qorumaq məqsədi ilə Azərbaycanı Rusiyanın ağuşuna atırsa, bu artıq milli xəyanətdir.