Direktorun qarğışı, yoxsa uzaqgörənliyi?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Yaxşı yadımdadır, ilk mitinqi məktəbdə təşkil etmişdim. Onda 15 yaşım vardı. 20 Yanvar hadisəsinin 40-cı günüydü. Heç özüm də xatırlamıram, haradansa beynimə yerləşmişdi ki, Şəhidlərin 40 mərasimi olduğundan, həmin gün matəm sayılmalı və məktəbdə dərslər dayanmalıdır… 2 gün öncədən yaratdığım qrupa cəlb etdiyim şagirdlərə siniflərə dağılışıb dərsləri pozmağı, dərslərdən imtina etməyi tapşırdım. Özüm də bir-bir sinifləri gəzib, uşaqları dərslərə girməməyə çağırdım. Aksiyamız gözlənildiyindən daha təsirli alındı – bircə anda məktəbi uğultu bürüdü, sinif otaqlarından dəhlizlərə axışan uşaqları ikinci mərtəbənin zal kimi geniş dəhlizinə topladıq. Nə baş verdiyini anlamayan müəllimlər də, uşaqların arxasınca siniflərdən çıxıb bizim yanımıza gəlirdilər. Bir yerə yığışan uşaqlar maraqla daha sonra nə baş verəcəyini gözləyirdi. Bu yerdə əslində çıxıb nəyə görə onları bura çağırdığımız barədə danışmaq lazım idi. Ancaq o vaxtlar kütlə qarşısında çıxış etmək mənə olduqca həyəcanlı görünürdü. Daxili həyacanımı boğub güc bəla ilə özünü danışmağa məcbur etdim. “Bu gün 20 yanvar Şəhidlərinin 40-dır, bu gün matəm saxlanılmalıdır, dərslər dayanmalıdır” deyib susdum. Yanaqlarım pörtmüşdü, ürəyimin döyüntüsünü özüm eşidirdim. Bundan artıq danışmağa gücüm yetmədi. Əksəriyyətin nəzər-diqqətləri mənim üzərimdə idi. Bu da içimdəki həyəcan hissini keçməyə qoymurdu.
Etiraf edim ki, həmin vaxt çoxdan maraq göstərdiyim qızın orada olmasından da ayrıca məmnunluq duyurdum. Axı mən mərkəzdə idim, bütün diqqətlər mənim üzərimdə idii. Özümü olduğumdan da böyük hiss edirdim.
Hamı bilirdi ki, bütün bu xaosu mən təşkil etmişəm. Az sonra məktəb direktoru Əbülhəsən müəllim aşağı mərtəbədəki kabinetindən çıxaraq, hövlanak şəkildə toplaşdığımız yerə gəldi. Bronxial astma xəstəsi olan direktorumuz qəfil hay-küyə görə pilləkənləri tələm-tələsik qalxdığından, təngnəfəs olmuşdu, bərk tövşüyürdü. Gələn kimi, üzümə baxdı və çığırdı: “Qəhrəmanov, yenə niyə aranı qatmısan?” Ardınca da sərt ifadəylə uşaqlara qışqırdı:” Tez, hamı sinfə keçsin!”
Mən də səsimi qaldırıb “Bu gün dərs olmayacaq!” dedim. Kimsə yerindən tərpənmədi. Zəhmli və əsəbi direktor və arıq, çəlimsiz mən bir birimizin gözlərinin içinə baxırdıq. Onun necə ağır nəfəs aldığını duyur, sanki mən də bu pozuq nəfəs ritminin təsirinə düşüb nəfəs darlığı keçirirdim.” Bircə tez bitsəydi, kaş direktor uşaqların içində mənə qarşı artıq hərəkət etməsin” düşüncəsi beynimdə külək kimi əsirdi. Ağır bir sükut çökmüşdü. Hamı bir futbol azarkeşi marağı ilə bu qarşılaşmanın nə ilə bitəcəyini gözləyirdi. İlk olaraq hikkə və əsəbdən üzü pörtümüş direktorumuz qəzəbli baxışını yana çevirib Sabir müəllimə göstəriş verdi: “Get, Əli müəllimi bura çağır!”
Əli müəllim mənim atam idi, məktəbdə ibtidai siniflərə dərs deyirdi. Çox keçmədi ki, atam da gəldi. Gərginlik hissim daha da artmışdı, direktor mənə görə atama nə deyəcək, atamın reaksiyası nə olacaq, bilmirdim. Sanki saniyyələri sayan saat əqrəbi beynimdə vururdu. Direktor amiranə bir səslə “Əli, Fuadın qabağın al! Görürsən, məktəbdə dərsləri o pozub! Bir də belə iş görsə, nəticəsi onun üçün çox pis olacaq!” – deyib, atama sarı çevrildi. Mənim hərəkətlərimi heç vaxt təqdir etməyən atam nə cavab verəcək? Sanki ilahi məhkəmə qarşısında taleyim həll olunurdu. Bu, mənim qürur məsələm idi. Atam mənə acıqlansa, susacaqdım və beləcə, direktor qürurumu hər kəsin qarşısında yerə vurmuş olacaqdı. Birdən Atamdan heç gözləmədiyim cavabı eşitdim:”Mən Fuadın siyasi işinə qarışmıram”. Aman Allah, sanki böyük bir təhlükədən qurtuldum. Mən xilas olmuşdum, gözlərim gülürdü. Toplanmış uşaqların üzündə də təbəssüm oynayırdı. Pərt olmuş direktor deyinə-deyinə üzünü çevirib getdi. Uşaqlar da atılıb düşə-düşə, siniflərə girib çantalarını da götürüb məktəb qapısına tərəf götürüldülər. Mən qələbə çalmışdım – dərslər təxirə salındı, atam mövqeyimlə razılaşmasa da, məni direktorun ayağına vermədi.
Ləng və arxayın hərəkət edib uşaqlardan sonra, ən axırda birinci mərtəbəyə düşəndə direktorun köməkçisi məni onun otağına çağırdı. Mən də qalib ədası ilə onun otağına girdim. Sən demə, pərt olmuş direktor da öz məğlubiyyətinin əvəzini çıxmaq üçün elə mənim kabinetə daxil olmağımı gözləyirmiş. Otağında var-gəl edən direktor “Gör, sənin başına nə oyun açacam?! Sən qudurmusan!” deyib bir anda kabinetindən çıxdı və qapını arxadan bağladı.
Həmin an nə olduğunu anlaya bilmədim. Bir azdan boşalmış məktəbin sükutunda vaxt keçdikcə anladım ki, direktor, guya, öz aləmində məni həbs edib. Qapını nə qədər döysəm də, açan olmadı. 3-4 saatdan sonra qapıya salınan açarın səsini eşitdim. Sonra açılan qapının arasından üzünə süni əsəbi ifadə vermiş direktorun qaş-qabaqlı üzünü gördüm: “Qəhrəmanov, get, ağlın başına gəlsin, bir də belə qələt eləmə!” Mən də saymazyana bir əda ilə çantamı yelləyib çiynimə atdım və ayaqlarımı sürüyə- sürüyə, heç nə olmamış kimi otaqdan çıxdım. Axşamı isə bacım bildirdi ki, direktor uşaqların içində ona belə deyib:”Görəcəm Fuadın axırı nə olacaq. Günü türmələrdə keçəcək”. O zaman bu sözə gülərək, “Mən cinayətkar yox, siyasətçi olacam” demişdim… İndi o vaxtdan 31 il ötür. Direktorum isə haqlı çıxdı – yolum gerçəkdən də türmələrdən keçdi…