Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Dövlət Statistika Komitəsi tələb-təklif qanunun dizini yerə gətirib. Öz açıqlamaları ilə Statistika Komitəsi iqtisad elminə şok yaşatmaqdadır. Komitə bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz, istehlak qiymətlərinin isə 5,2 faiz artması haqqında açıqlama ilə çıxış edib. Bəs belə bir hal mümkündürmü və ya böyük bahalaşma şəraitində ÜDM 4,8 faiz arta bilərmi?
Əsas məsələyə keçməmişdən nəzərə alaq ki, iqtisadiyyatın əsas qanunlarından biri sayılan tələb-təklif qanununa görə malların, iş və xidmətlərin təklifi çoxalarsa, bazarlarda bolluq yaranar və bu da qiymətlərin düşməsi ilə müşayiət olunar. Əgər bazarlarda əhəmiyyətli dərəcədə bahalaşma yaşanarsa, bu, istehlakçıların alıcılıq qabiliyyətinin pisləşməsinə səbəb olmaqla tələb göstəricisinin zəifləməsinə, satışların enməsinə və nəhayət bazarlara mal təklifinin azalmasına, başqa sözlə desək, istehsalın düşməsinə gətirib çıxarar. Qısa şəkildə ifadə etsək, bolluq ucuzlaşmaya, qıtlıq bahalaşmaya səbəb olur.
Bu ilin yanvar-sentyabr dövründə Azərbaycan bazarlarında böyük bahalaşma yaşanması və həmin prosesin bu gün də davam etməsi faktdır. Hətta bahalaşma faizi Statkomun elan etdiyi göstəricidən fərqli olaraq ikirəqəmli göstərici səviyyəsinə qalxıb. Bu səviyyədə olan bahalaşma ölkədaxili bazarlarda təklif göstəricisinə, başqa sözlə, malların, iş və xidmətlərin istehsalına mütləq azaldıcı təsir etməliydi. Ona görə ki, tələb və təklif göstəriciləri arasında tərs mütənasiblik var və bu göstəricilərdən birinin çoxalması digərinin azalmasına səbəb olur. Əvvəla, bu səbəbə görə yüksək bahalaşama şəraitində ÜDM-in 4,8 faiz artmasına dair açıqlanan məlumat inandırıcı deyil. DSK öz rəsmi açıqlamalarında həm tələb göstəricisini, həm də təklif göstəricisini yuxarı qaldırıb ki, bu da absurddur.
İkincisi, nəqliyyat sektorunda yükdaşımalar azalıb. Əgər həqiqətən də, iqtisadiyyat böyüyübsə, o cümlədən sənaye məhsulu 4,5 faiz, kənd təsərrüfatı məhsulu 5,1 faiz artıbsa, məhsulun artan hissəsi alqı-satqı mərhələsinə daxil olmalı, bunun üçün də nəqliyyat sektorundan keçməliydi. Bu da nəqliyyatda yüdaşımaların artması şəklində özünü büruzə verməliydi. Lakin nəqliyyat sektorunda yükdaşımalar Statkomun rəsmi açıqlamasına görə 0,2 faiz azalıb. Bu yerdə yaranan böyük sual budur ki, bəs istehsal olunan əlavə məhsul hanı? Haraya qeyb olub? O məhsulları anbarlarda axtarmaq fikrinə də düşməyəsiniz, çünki orada da tapa bilməzsiniz. Sualın cavabı aydındır: o məhsullar sadəcə yoxdur, çünki istehsal olunmayıb. Ölkə üzrə yükdaşımaların düşməsi faktı istehsalın artmasını deyil, azalmasını göstərir. Əksi olsaydı, yükdaşımalar artmalıydı. Lakin bu göstərici nəinki artmayıb, əksinə daha da azalıb. Məhz istehsalın aşağı düşməsi hesabına daxili bazarlarda tələb-təklif nisbəti tələb göstəricisinin xeyrinə dəyişib və bazarlarda yüksək bahalaşma yaşanır.
Üçüncüsü, xarici ölkələrə satılan malların fiziki çəkisi artmayıb. Artsaydı, heç olmasa düşünmək olardı ki, istehsalın artan hissəsi ölkə xaricinə çıxarılıb və bu hesaba daxili bazarlarda tələb-təklif nisbəti tələb göstəricisinin xeyrinə dəyişib. Bu halda istehsalın artması şəraitində daxili bazarlarda yaşanan bahalaşmanı izah etmək üçün zəif də olsa, ipucu əldə etmək mümkün olardı. Lakin bu hal da köməyə yetmir, ona görə ki, bu ilki ixracın fiziki çəkisi ötənilki səviyyədə qalıb.
Dördüncüsü, idxalın real həcmi 10 faizə yaxın azalıb. İstehsalın artığı şəraitdə bu göstəricinin azalması ilk baxışdan tələb-təklif nisbətini 1-cinin xeyrinə dəyişə bilərdi. Amma hesablamalar təsdiq edir ki, bu halda da kəskin bahalaşma şəraiti ilə ÜDM-in 4,8 faiz artmasını bir araya sığışdırmaq mümkün deyil. Göstəricilərin qarşılaşdırılması ortaya çıxarır ki, istehsaldakı artım göstəricisi idxalın azalan həcmini 2,3 dəfə üstələyib. DSK-nın dediyinə inansaq, bu mənzərə üzə çıxar. DSK-nın deməyinə görə ötən ilə nəzərən bu ilin yanvar-sentyabr dövründə ÜDM-in real həcmi guya 2,5 milyard manat artıb. İdxalın real həcmi isə 1,1 milyard manat azalıb. Deməli, bu şəraitdə idxaldakı azalma tələb-təklif nisbətini 1-cinin xeyrinə dəyişə bilməzdi. Dəyişə bilməyibsə, istehsalın artması şəraitində bu dərəcədə bahalaşma yaşana bilməzdi. Bahalaşma yaşanıbsa, bu, təklif göstəricisinin azalması-idxalın düşməsi ilə yanaşı istehsalın enməsi şəraitində mümkün ola bilərdi.
Beşincisi, əsas kapitala yatırımlar azalıb. Əgər doğrudan da, ÜDM-in 4,8 faiz artması böyük bahalaşma ilə müşayiət olunsaydı, o zaman sahibkarlar (müəssisə və təşkilatlar) daha çox qazanmaq naminə iqtisadiyyata investisiyaları dərhal artırardılar. Lakin bu göstərici nəinki artmayıb, hətta 8,7 faiz azalıb.
Altıncısı, əməkhaqqı göstəricisi diqqət çəkən dərəcədə artmayıb. Bu göstərici əhəmiyyətli dərəcədə artsaydı, daha çox xərcləmək imkanı yaradardı ki, bunun da istehsala əlavə stimul verə biləcəyini düşünmək olardı. Lakin 2,2 faizlik əməkhaqqı artımı 5,2 faiz bahalaşma (rəsmi) ilə müşayiət olunduğuna görə əhalinin alıcılıq qabiliyyəti pisləşib. Ötən ilin mart ayı ilə müqayisədə orta aylıq əməkhaqqı göstəricisi hətta 19 manat və ya 2,5 faiz azalıb. Deməli, 2021-ci ilin yanvar-sentyabr dövründə həyat səviyyəsi göstəricisi təsəvvür etdiyimizdən də ağır vəziyyətə düşüb. Belə şəraitdə əhalinin daha çox xərcləyə biləcəyini düşünmək sadəlövhlük olardı.
Yeddincisi, dövlət büdcəsindən xərcləmələrin həcmi ötən ilə nəzərən 5 faiz azalıb. Deməli, bu ilin yanvar-sentyabr dövründə dövlət büdcəsinin iqtisadi fəallığa təşviqedici təsiri zəifləyib.
Beləliklə, səbəb-nəticə əlaqələrinin təhlili göstərir ki, ötən ilin eyni dövrünə nəzərən bu ilin yanvar-sentyabr dövründə ÜDM-in 4,8 faiz artması haqqında Dövlət Statistika Komitəsinin yaydığı məlumat əsassızdır və reallıqla əlaqəsi yoxdur.