Fəlakətə şükr etmək…

İlham Hüseyn

Dövləti gücləndirmək, xalqa təminatlı həyat bəxş etmək istəyən hökumətlərin fəaliyyətini izləyin. Bir də oğurlamaq, ömürlük hakimiyyət əldə etmək, fərqli səsləri boğmaq istəyən hökumətlərin olduğu ölkələrə baxın.
Birincilərdə elmi-texnoloji yeniliklər, sosial sığorta, keyfiyyətli təhsil, müstəqil məhkəmə, dolu büdcə var. İkincilərdə səfalət, qan-qada, yaltaqlıq, şər-böhtan, ah-nalə, fırıldaq göz deşir.
Bugün həsədlə baxdığımız ölkələrin hansında rəqiblərin cibinə narkotika atırlar, terrorçu damğası vururlar, məhkəmələri cəza aparatına çevirirlər? Həsədlə baxdığımız ölkələrin hansında yüksək vəzifə tutanların oğurladığı milyardlar aşkar olunur və həmin adamlar cəzasız qalır?
“Rusiya bizi məhv edər”, Qərb ikilistandartlar tətbiq edir”, “Azərbaycanın inkişafını gözləri götürmür” kimi bəhanələr, vətəndaşı köləyə çevirmək siyasətidir.
Rusiya Azərbaycan hakimiyyətindən Niyaməddin Əhmədova 13 il həbs cəzası verməyi, Avropa offşorlara milyardlar daşımağı, ABŞ yol- körpü tikintisindən milyardlar oğurlamağı tələb edir?
Azərbaycanın qeyri-azad ölkələr sırasında olmasının yeganə səbəbi mövcud idarəçilikdi. Demokratiyadan qaçış milli maraqlara görə deyil, şəxsi istəklərə görədir. Azərbaycanda şəffaf seçkilərin keçirilməsi, monopoliyaların ləğv edilməsi, məhkəmələrin müstəqil olması, korrupsiyanın kökünün kəsilməsi milli maraqlara ziddir? Uzun illərdi vətəndaşın haqqının oğurlanmasını, seçkinin saxtalaşdırılmasını, ləyaqətli insanlara divan tutulmasını “milli maraq” adı altında bizə həzm etdiriblər. Milli maraq AzTv-də Qərbə kəllə atmaq deyil, Qarabağda Rusiyaya qətiyyət göstərməkdi. “Siyasi məhbusları azad et” deyənləri düşmən, “Xankəndinə girmə” tələb edənləri dost kimi təqdim etmək, milli maraqları baltalamaqdı.
Bir sözlə, müdrük görkəm alıb, ölkədəki iyrəncliyi yüzüncü dərəcəli məsələlərlə malalayanlara şans tanımaq olmaz. Yarım saatlıq yağışın qarşısında aciz qalırıqsa, deməli, kanalizasiya probleminin həlli üçün ayrılan pullar yeyilib. Bunu “hələ yeni müsətqil olmuşuq, yavaş-yavaş düzələcək” əttökənliyi ilə ört-basdır etmək riyakarlıqdı.
Seçki qutusuna təcavüzə “biz demokratiyaya hazır deyilik” həyasızlığı ilə haqq qazandıranlar bu xalqın düşmənləridi.
Hər şey daxildən başlayır. Avtoritar rejimlər daxildə qürurlu vətəndaşın yetişməsini istəmirlər və belə cəmiyyətə xarici xoxan kimi göstərirlər. Nəticədə cəmiyyət “əsas odur ki, sabitlikdir” düsturunu əzbərləyir. Yəni, “sabitlik” adı altında oğurluğa, yalana, saxtakarlığa haqq qazandırılır. Əslində isə biz sabitliyə yox, dövlətin çökdürülməsinə, xalqın səfalətə yuvarlanmasına şükr etməklə məşğuluq.