Sabirabad rayon Surra kənd məzarlığını nura boyayan 4 şəhiddən ən gənci
Qazi Qulu Məmmədli
Evin tək oğlu. XTQ-nin rabitəçi və sürücüsü kimi həqiqi hərbi xidmətinin son günləri müharibəyə təsadüf edir. Ən təhlükəli yolları sürücü kimi hər zaman ən öndə gedir.
XTQ rəhbərliyi tərəfindən cəsarətli addımlarına görə dəfələrlə mükafatlandırılır. Dəfələrlə pusquya düşən qrupları düşmən mühasirəsindən çıxarmağa da müyəssər olur Firavan.
Keçən il bu günlərdə zülmət oktyabr gecəsində yerləşdikləri ərazinin yaxınlığında düşmən qrupunun izinə düşür. Sığınacağa yerləşmiş qrupun üzərinə tək gedir. Bir neçə düşmən əsgərini məhv etsə də, namərd düşmən gülləsi onun 19 yaşlı cavan cüssəsini ağır yaralayır. Silah səsinə digər hərbiçi yoldaşları cəld köməyə gəlir. Düşmən qrupu tam məhv edilir. Yaralı halda onu yaralayan düşmən əsgərini belə öldürməyə özündə güc tapır. Aldığı güllə yarasından isə az sonra həyatının ən gənc yaşında gözlərini əbədi olaraq yumur bu dünyaya. Ən ləyaqətli ölümlə şəhidlik zirvəsinə yüksəlir. Amma bu ölümlə milyonlarla azərbaycanlının qəlbində özünə əbədi məskən salır. Azərbaycan bayrağı var olacaq müddətcə yaşamaq xoşbəxtliyinə nail olur. Bütün bir xalqın qürur, mərdlik, rəşadət simvoluna çevrilir.
Atası Əsgərov Xanbala da birinci Qarabağ savaşının iştirakçılarındandır. O qədər qaməti dik, qüruru yüksək adamdır ki, yaşadığı bu ağrını kənara yansıtmamağa çalışır. Dağ kimi uca, polad kimi möhkəm dayanır bu acı qarşısında.
Hər gün soyuq, isti demədən yeganə oğlunun ziyarətində olur saatlarla. Siqaret çəkə-çəkə, arabir dolur, arabir əsəbləşir, arabir oğlunun döyüş yolundan, mərdliyindən fəxarətlə danışır. Həmçinin cəmiyyətimizin biganəliyindən də şikayətlənir.
Ziyarətçilərin azlığından, onu bu acı ilə baş-başa buraxan insanlardan çox incik olduğunu yumşaq şikayətlə dilə gətirir. Gəlincə də, gedincə də oğlunun məzar daşını, şəklini öpür. Həmin an oğluna sarıldığını, onu qoxladığını, həsrətini, kədərini, acılarını, yanğısını sızlayan qəlbində daha dərindən hiss edir. Göz çuxuruna qəlbindən axıb süzülən həsrətli göz yaşlarını gizlətməyə çalışır. Bu səhnə dünyanın ən ağır, ən kədərli səhnəsdir. Ən daşürəkli adam da bu səhnə qarşısında məhv olmağa məhkumdur.
Firavan burada həm də dostu şəhid Bəxtiyar Mayılovla birgə uyuyur. İki dost bir-birindən 5 metr məsafədə əbədi dostluğun nümunəsini sərir gözlərimiz önünə.
Hər ikisinin timsalında bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyirik. Məzarları nurla dolsun.
Gəlin, gənc yaşında canını vətən uğurunda, bizim üçün, Azərbaycan üçün qurban vermiş bu qəhrəman qardaşlarımızı unutmayaq. İmkan düşdükcə məzarlarını ziyarət edək, ruhları qarşısında ehtiramla əyilək. Onları böyüdən valideynlərə biganə qalmayaq. Hər yerdə onları sayqı ilə, diqqətlə salamlayaq. Onları bu acı ilə tək buraxmayaq.