AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Gürcü xalqı təkcə Saakaşvilinin özünə görə deyil, doğru bildiyi siyasəti, haqlı saydığı liderin mövqeyini dəstəkləmək üçün meydana çıxıb. Məhz, bu səbəbdən də, gürcü xalqının 700 milyon dolları oğurlanmış olsaydı, haqqını kimsəyə yedirtmək yerinə, meydana çıxardı, haqqını tələb edərdi.
700 milyonluq korrupsiyaya görə susan xalq, öz haqqının yeyilməsinə susduğu üçün, haqlı bildiyi liderin də haqlı mövqeyinə dəstək vermir, onu meydanda dəstəksiz buraxır.
Sonra da bu susanlar “ə bizdə Saakaşvili kimisi yoxdur da” bəhanəsi arxasında gizlənir. Bizdə Saakaşvili kimisi də, ondan daha artıq olanı da var. Ancaq bizdə olmayan, Saakaşvili kimi lideri müdafiəsiz buraxmayan xalqdır. Burada əsil problem, hansı situasiyada olmasından asılı olmayaraq haqqa, doğruya münasibətdə gürcülrlə bizim yanaşmamızın fərqli olmasındadır.
Qiymət artımına susan, hökumətin müxtəlif bəhanələrlə vətəndaşı soymasına laqeyid qalan, sosial müavinətinin kəsilməsinə etiraz etməyən cəmiyyət öz haqqını qorumursa, heç nəyə etiraz etmirsə, demək o toplum hər hansı liderin haqqı üçün də meydana çıxmayacaq. Saakaşvili bu gün Azərbaycanda olmuş olsaydı bu susqun, etinasız insanlar yəqin ki, onu da həbsdə müdafiəsiz buraxmışdılar. Və ya bu laqeyid, heç nə ilə maraqlanmayan adamlar Gürcüstanda olmuş olsaydılar, yenə də “mən siyasətə qarışmıram” bəhanəsi ilə Saakaşvilini müdafiə etmək üçün meydana çıxmayacaqdılar.
Həqiqət təəssüf ki, bu qədər sadə və acıdır.
Ona görə də bu fotoya baxaq və düşünək.