Milli Şuranın sədri, professor Cəmil Həsənli
Buna deyərlər üzrü günahından betər. İlham Əliyev Londonda aşkarlanan 700 milyon dollarlıq mülklərlə bağlı İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib ki, “mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”.
Birincisi, bizim müzəffər deyir ki, “prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm”. Deyəsən o, bilmir ki, prezident olmazdan əvvəlki 10 il ərzində də bizneslə məşğul ola bilməzdi. Çünki adam 1994-2003-cü illərdə Dövlət Neft Şirkətinin əvvəlcə vitse, sonra da birinci vitse-prezidenti işləyib. Qanun yüksək vəzifəli dövlət məmurlarına bizneslə məşğul olmağı qadağan edir. Bundan əlavə İlham Əliyev 1995-ci ildə Milli Məclisin deputatı “seçilib”. Yenə əlahəzrət qanun deputatın bizneslə məşğul olmasın qadağan edir. Deməli adam qanunsuz biznes fəaliyyəti ilə məşğul olub.
İkincisi İlham Əliyev 700 milyon dollarlıq ailə mülklərinin aşkarlanmasını İkici Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə əlaqələndirməyə çalışır. Axı, İkinci Qarabağ müharibəsindən əvvəl hələ 2009-cu ildən 2019-cu ilə qədər Dubaydan tutmuş Londona qədər Əliyev ailəsinin belə mülkləri aşkarlanmış, Panamadan tutmuş Virgin adalarına qədər gizli ofşor hesabları agah olmuşdu. Məsələn məlum olmuşdu ki, “uğulu bisnes adamı kimi” İlham Əliyevin övladlarının adına olan gizli ofşor hesablarının sayındakı rəqəmlər, onların yaşındakı rəqəmlərin sayından dəfələrlə çoxdur.
Üçüncüsü, Əliyev deyir ki, mənim uşaqlarımın “bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir. Çox gözəl, əgər doğrudan da sənin uşaqlarının biznes fəaliyyəti şəffaddırsa 11 yaşlı uşağın adına 700 milyon dollarlıq 17 mülk niyə indi üzə çıxır? Necə olur ki, sənin uşaqlarının kral mülkiyyət idarəsinə 66 milyon funt sterling mülk satmasından heç kimin xəbəri olmayıb? Düz adasınızsa, doğru iş görürsünüsə niyə açıq bizneslə deyil, gizli ofşor hesablarından istifadə edirsiniz? Düz adamsansa 700 milyon dollarlıq London mülklərinin, 11 yaşlı uşağın adına aldığınız dəbdəbəli mülklərin auditin millətə elan elə də. Və elə istinad etdiyin o audit də desin ki, əmək qabiliyyəti olmayan bir uşaqda milyardlarla bul haradandır? Sənin oğlun nə vaxt bizneslə məşğul oldu ki, milyardlıq mülklərin sahibi oldu? Jurnalistlər Sizin oğurluq biznesinizin, para qaçaqmalı fəaliyyətnizin, ad dəyişdirib iz itirmənizin sirlərini açana qədər nə zülm çəkdilər.
Dördüncüsü, bu məsələ nə qədər şəffafdır ki, bilavasitə sənə tabe olan dövlət qurumlarının, nazirliklərin büdcə vəsaitləri dörd London şirkətinə göndərilib və siz dəbir pteziden, bir ali baş komandan kimi bundan xəbərsiz olmusunuz. 2012-2014-cü illərdə ölkənin oğurlanan müdafiə xərclərinə görə indiyə qədər məlumat verməmisiniz. O zaman ki, İkinci Qarabağ müharibəsi yox idi. Əgər Azərbaycan Landramartında toplanmış 3 milyard dollar oğurluq pul sizin “uğurlu biznesmen” uşaqlarına aid deyilsə, niyə açmırsınız bu əsrin oğurluğunu. Aça da bilməzsiniz. Çünki ərazisi işğal altında olan ölkənin müdafiə xərclərini oğurlamışınız.
Beşincisi, bəlkə Londonda dəbdəbəli mülkləri və gizli ofşor hesabları olan Azərbaycan nazirləri, digər vəzifəli şəxsləri də İlham Əliyev və onun uşaqları kimi “uğurlu” biznesmenlərdir.
Altıncısı və ən dəhşətlisi isə İlham Əliyev deyir ki, mənim yaratdığım Fond hazırda Qarabağda – Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır”. Adam ölkənin, xalqın, millətin yetim-yesirinin bu qədər pulunu oğurlayır, Azərbaycan körpələrinin uşaq puluna öz uşaqlarına Londonda bir milyard 200 milyonluq mülk alır (bu hələ məlum olandı) və fond yaradıb məscidlərin bərpasına sərmayə qoyur. Millətə bu xidmətin səvabın yığışdırıb qurtarmaq olmaz ki!
Vaxtı ilə böyük şair Məmməd İsmayılın belə bir misrası vardı:
Kimi aldadırsan a zalım oğlu!(?)