Milli Şuranın sədri, professor Cəmil Həsənli
Dünən Londonda gəzməyə çıxmışdım. Əliyevlərin şəhərin mərkəzində olan düz 4 evinin qarşısından keçdim. 17 mülkdən, malikanədən 4-nü bir gəzinti zamanı “ziyarət” etdim. High Holborn 118-120 ünvanda yerləşən mülk 2013-cü il seçkilərindən bir az əvvəl, həmin ilin fevral ayının 25-də alınıb. Mən seçki vaxtı MSK-dan tələb etdim ki, İlham Əliyevin əmlakı haqqında arayışı ictimaiyyətə açıqlasınlar. İmtina etdilər. İlham Əliyev ölkədən oğurladığı 9,4 milyon dollara alıb bu evi. Deməli bu mülkü gizlədiblər.
İş bununla bitməyib, iştah diş altındadır, 2014-ün yayında həmin küçədə 127, 130-132, 136 ünvanlarda da yerləşən evləri də alıblar. Holborn rayonunda Sijilian Avenue, Vernon Place, Shouthampton Row qovşağındakı mülklər silsiləsin 2013-cü il prezident seçkilərindən az sonra 2014-cü ilin iyununda alıblar və London Universitetinin 5 addımlığında Bloomsbury meydanında yerləşən bu dəbdəbəli mülklər üçün bilirsiniz nə qədər bizim ölkədən oğurladıqları pulları ödəyiblər? 349,3 milyon dolar! Sən demə hər gün mən bu mülklərin yanından keçib işə gedirəmmiş.
Londonun Meyfer səmtində də dörd bina Heydər Əliyevin adına alınıb və İlham Əliyevin ölkədən çırpışdırdığı oğurluq pullardan bu binalar üçün 44.7 milyon dollar ödənilib. İlham Əliyev düz deyirmiş, əgər korrupsiya, büdcə və qeyri büscə oğurluğu olmasaydı indi ölkənin büdcəsi indikindən 2-3 dəfə artıq olardı.
Ağasının malı ilə öyünən YAP nökərləri, Əliyev xanədanının qapı qulları deyirlər guya bunlar uydurmadır. Necə uydurmadır? Bütün evlərin, mənzillərin, mülklərin ünvanı, mənzil nömrəsi, mərtəbəsi, yetkinlik yaşına çatmayan Heydər Əliyevin adına alınması, funt strerling və dollarla dəyəri, mülklərin texniki sənədləri, binaların şəkilləri hamısı ortada. Qoy İlham Əliyev açıqlama versin ki, onun ölkədən oğurladığı pullarla 11 yaşlı oğlunun adına aldığı mülklər haqqında aşkarlanan məlumatlar uydurmadır.
Ən dəhşətlisi bir sürü yaltağın Əliyevlərin bu böyük oğurluq əməlini gözardı etməsin deyil, bu oğurluğun və 11 yaşlı uşağın adına bu qədər mülkün Azərbaycan torpaqları işğal altında olarkən alınmasıdır. Soruşmaq lazımdır: ölkənin 20 faiz ərazisi işğal altında ola – ola 700 milyon dollarlıq London mülklərini alanda torpaqların işğalda olduğunu bilmirdiniz və ya bunu anlamağa yaşınız çatmırdı, ya ağlınız?