Milli Şuranın sədri, professor Cəmil Həsənli
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əleyhinə İlham Əliyevə gərəkli olan ifadəni vermədiyinə görə, böhtanı imzalamadığına görə, diktə edilən şər-şəbədəni yazmadığına görə Niyaməddin Əhmədova 13 il iş verdilər. İlham Əliyevin ölkədə bərqərar etdiyi “hüquqi dövlət” insan talelərinin, daha doğrusu öz əleyhdarlarının, tənqidçilərinin, onun “qaydalarına” boyun əyməyənlərin məhvi üzərində qurulub. İlham Əliyevə görə onun oğurluğu üçün azad, qorxusuz-hürküsüz mühit yaratmaq üçün bütün azadlıqları boğmaq, tənqidi fikir söyləyənləri susdurmaq, bütün dürüst və vətənsevərl adamları məhv etmək lazımdır. Niyaməddin də öz dürüstlüyünün, vətənsevərliyinin bədəlini ödəyir.
Bu 13 il tək Niyaməddinə deyil, onun kimi dəmir iradəli, doğru-dürüst, canı ilə, qanı ilə vətənə bağlı olan Azərbaycan gənclərinə verilən cəzadır. Niyə bunlar terrorçunu, devrimçini, narkomanı, para qaçaqmalçısını Əli Kərimlinin ətrafında axtarırırlar. Çünki bu sadalananların hamısı ilə özlərinə məşğuldur. Faiqi Gülən imamı çıxardılar, Fuad Qəhrəmanlı başda olmaqla Cəbhə rəhbərliyinin az qala yarısını 14 iyulda devrimçi elan etdilər, Paşadan narkobaron düzəltdilər, kirayədə yaşayan Niyaməddindən terroru maliyələşdirən. Oyun Əli Kərimlinin başındadır, tələ Əli Kərimliyə qurulur. Amma Niyaməddin kimi günahsız, doğru-dürüst, vicdanlı, vətənsevər gənc Əliyevin yuxusunu ərşə çəkən “Kərimli ssenarisinin” hədəfinə çevrilir.
Pandora qutusu açılıb sənədlər faş olanda bütün dünya gördü ki, İlham Əliyev oğrudur, həm də “ümummilli” oğrudur, soyğunçudur, həm də sadə soyğunçu deyil, ölü soyandır, onun ailə üzvləri də bu oğurluğun, bu soyuğunçuluğun içindədir. Bir tikə çörəyə möhtac olub ehtiyac içində boğulan milyonlarla uşağın həyatı hesabına, milyon yarım pensiyaçının yaşayışı hesabına, iki milyon yarım işsizin sosial yardımı hesabına öz uşaqları üçün Londonda dəbdəbəli xanimanlar almağın bir adı var: Marodyorstva! Milyonların göz yaşı, ah-naləsi üzərində sərvət toplamağın, oğurluq ailə hesablarını zənginləşdirməyin adı budur. O, özünü bu səviyyəyə qədər endirib, bu səviyyəyə qədər rüsvay edib.
İlham Əliyev bu oğurluğa, bu soyğunçuluğa mane ola biləcək hər kəsin başın kəsməyə hazırdır. Onun Əli Kərimliyə, Tofiq Yaqubluya, Gültəkin Hacıbəyliyə, Vidadi Mirkamla, İbrahim İbrahimliyə, Niyaməddin Əhmədova, Paşa Umudova, Gözəl Bayramlıya, Aqil Əli Məhərrəmliyə, Saleh Rüstəmliyə, Əlzamin Salayevə, Fuad Əhmədli və vətənin varlığını, şərəf və ləyaqət hissini öz ideallarında, şəxsiyyətlərində yaşadan adamlara bu qədər qəzəbli olmasının səbəbi də bununla bağlıdır. Ram edə bilmədiyi, avtobusa mindirə bilmədiyi, susdura bilmədiyi, sındıra bilmədiyi, cibinə möhtac edə bilmədiyi, “ədalətin” körpüsündən keçirə bilmədiyi hər kəsi məhv etmək. Ailə hakimiyyətinin yolunda bütün maneələri əzib keçmək. Hazırda Niyaməddin Əhmədov da bu təkəbbürün, bu qəzəbin, bu hirsin və hikkənin 13 illik bədəlini ödəməli olur. Vətən anlayışının ideya yükü, milli varlığı, mənəvi diriliyi oğurluq London mülklərindən deyil, Niyaməddin kimi oğulların iradəsindən, dirənişindən və dəyanətindən keçir!