AXCP sədri Əli Kərimli
Niyaməddin Əhmədova qarşı çox böyük vicdansızlıq etdilər. Ancaq bu nəhəng vicdansızlıq digər vicdansızlıqları görünməz etməməlidir. Bugünlərdə biz polis rejiminin mübariz xanımlara sözün həqiqi mənasında necə divan tutduğunu gördük.
Bu gün Niyaməddin Əhmədovun açıq məhkəməsində iştirak etmək üçün məhkəmə binası qarşısında sakitcə dayanmış AXCP üzvü olan xanımlara polis qəfil hücum edib. Onları zorla polis maşınlarına mindirib aparıblar və sonradan da fiziki zorakılığa məruz qoyublar. Mətanət Turanı qaşını partladıblar, Gülnarə Rəhimovanın saçını yolublar, Könül Əhmədovanı hamilə olduğu haqqında xəbərdarlıqlarına baxmayaraq, təpikləyib sürüyüblər, Tünzalə Əmirovaya qarşı başqa cür şiddət göstəriblər. Sonra da onları Bakıdan 80-100 km uzaqlıqda (Şamaxı-Yəvlax yolu) çölün düzündə, köməksiz vəziyyətdə düşürüblər.
Cəbhəçi fəalların bir neçə gün qabaq yenə də Niyaməddin Əhmədova görə “tubzon”un qarşısında keçirdiyi aksiyada isə jurnalistlar də daxil olmaqla, 14 nəfər saxlanılmışdı. Saxlanılanlardan AXCP fəalları Mətanət Turanla Gülnarə Rəhimova, jurnalistlərdən Samirə Əli, Zərifə Novruz və Fatimə Mövlamlı polis zorakılığına məruz qalmışdı. Mətanət Turan və Gülnarə Rəhimova onda da ciddi xəsarət almışdı. Saxlanılanlardan 3 nəfər – Fuad Əhmədli, Fərid Nağıbəyli və Rəvan Babayev isə hər biri 70 manat cərimə olunmuşdu.
Azərbaycanda repressiyaların tüğyan etdiyi indiki vaxtda cəsarətlə etiraz səsini ucaldan xanımlarımızın mərdliyi də, xəcalət çəkmədən xanımlara əl qaldıran polislərin namərdliyi də tarixin yaddaşına keçəcək. Xanımlarımızın şücaəti tarixin şərəf səhifəsi, qadınlara əl qaldıran polislərin və onlara rəhbərlik edənlərin əməlləri isə milli tariximizin üz qarası kimi yazılacaq. Heç kim unudulmayacaq, heç kim yaddan çıxmayacaq. Cəsur mübarizlər mərdliyinə görə xalqın sevgisini, qorxaq və qəddarlar isə namərdliyinə görə xalqın nifrətini hər yerdə hiss edəcəklər.