AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ölüm xəbərini həbsdə aldım. Telefon danışığı qadağası olduğu üçün xəbəri kamera yoldaşımdan eşitdim ilk dəfə. Məhkəməyə gedərkən o da hansısa cəbhəçi dustağın kamera yoldaşından eşitmişdi.
Bir an içində sanki zaman durdu, “Gözəl xanım rəhmətə gedib” deyən səs beynimin içində əks səda verməyə başladı.
Sanki bu səs indicə şaqqıltı ilə açılmış ağır dəmir qapıdan içəri girən kamera yoldaşımın səsi deyildi, sal qayalara dəyib boşluqda əks səda verən bir məchul, hardan gəldiyi bilinməyən ölümün öz səsi idi…
Zaman durmuşdu… Ölüm isə səsini kəsmir, hey “Gözəl xanım öldü” deyib hər dəfə qayalıqlara çevrilmiş dar həbsxana hücrəsinin divarlarına dəyib geri üstümə qayıdır, öz varlığını bu səslə duyura bildiyindən nəşələnirdi.
İlk eşitdiyim də sanki qırx arşın quyunun dibindən gələn boğuq bir səs oldu “Ola bilməz”. Kimsə danışmırdı kamerada, onda bildim ki, bu mənim səsimdir. Ancaq mənim bu boğuq, çarəsiz və zəif səsim “Gözəl xanım öldü” səsində öz təntənəsini yaşayan, çığlıqlar atan susmaq bilməyən, həbsxananın dörd divarından əks – səda ilə üstümə hücum çəkən ölümün bitmək bilməyən həmlələri qarşısında o qədər gücsüz idi ki, heç təsəlli olmağa da yetmirdi. O getdi..
O daha yoxdur… O bir daha geri dönməyəcək… Adını belə düşünməyə qorxurdum, ona görə də ölənin mücərrəd “O” əvəzliyi olduğunu düşünməklə, sanki ölümü Gözəl xanımdan uzaq tutmağa çalışırdım. Reallıqla barışmağa qorxurdum. Onu bizdən alan ölümün qələbəsini qəbul edib etiraf etməklə, sanki həmişə meydanlarda birgə, çiyin- çiyinə olduğumuz Gözəl xanımı meydanda tək buraxmış olacaqdım. Ancaq o qədər gücsüz və taqətsiz idim ki, gözlərim qarşısından çəkilməyən surəti üzümə baxa – baxa onu getdiyi məchulluqda tək buraxmamağa, təsəvvürümdə canlı, diri tutmağa gücüm yetmirdi…
“O daha yoxdur” , “o ölüb” , “o bir daha meydanlarda yumruğunu qaldırmayacaq” , “onun titrək həyacanlı səsini heç vaxt tribunalardan eçitməyəcıyik” …
Və sən onu bir daha görüb üzünə baxa, əlini sıxa bilməyəcəksən…
Matəmimi içimdə tutdum, içimdəki acının böyüklüyünü anlamayan kamera yoldaşlarıma hiss etdirmədən. Tək həmdəmim isə ötən günlərin mübarizə xatirələri və heç nə olmamış kimi mənimlə danışan xəyalı oldu.
Azadlığa çıxandan sonra da məzarı üstünə gec getdim. Çünki hər dəfə həbsdən çıxanda məni gülərüzlə, sevinclə qarşılayırdı, bu dəfə isə nə o təbəssüm , nə o sevinc vardı. Buz kimi soyuq, cansız məzar daşından Gözəl xanımın səssiz, əbədi sükuta dalmış əksi, sanki keçmişin xatirələrini zamanın özü kimi donduraraq təmkinlə baxırdı…
Allah sənə rəhmət eləsin böyük dost.