Milli Şura Əliyevlərin Londonda 700 milyonluq mülklərinin aşkarlanması ilə bağlı bəyanat yaydı
Azərbaycanın adı beynəlxalq səviyyəli yeni bir korrupsiya araşdırmasında yer alır. Söhbət araşdırmaçı jurnlaistlər konsorsiumunun hazırladığı, bugünlərdə “Pandora qutusu” adı ilə açıqlanmış korrupsiya araşdırmasında ölkə başçısı İlham Əliyevin ailəsinin Londonda çox sayda mülklərə sahib olması haqda faktdan gedir.
Bu beynəlxalq araşdırma ilə məlum olub ki, İlham Əliyevin ailəsi Londonda təxminən 700 milyon dollar və ya 1.2 milyard manat dəyərində əmlaka malikdir. 17 mülk nağd ödənişlə alınıb. Əliyevlər ailəsi bu əmlakları Böyük Britaniyadakı ofşor şirkətlər vasitəsilə alıb.
İlham Əliyev və yaxınlarının adı bununla artıq neçənci dəfədir ki, belə irimiqyaslı korrupsiya əməllərində hallanır. Bu əməllər barədə bir qayda olaraq ciddi beynəlxalq təşkilatlar və media quruluşları danışıb. Azərbaycan hakimiyyəti isə bunların qarşısında ya susub, ya da qeyri-ciddi açıqlamalarla vəziyyətdən çıxmağa çalışıb. Yeri gəlmişkən, Əliyevlərin Londonda 700 milyon dollarlıq sərvəti barədə açıqlamaya da, üstündən 4 gün keçməsinə və bütün dünyanın bundan danışmasna baxmayaraq, nə İlham Əliyevin özü, nə də hökumətindən kimsə münasibət bildirib.
Bütün bu səpkili araşdırmalar göstərir ki, Əliyevlər ailəsi Azərbaycana böyük neft pullarının gəlməyə başladığı ilk illərdən xaricdə öz bizneslərini qurmaq və əmlaklar əldə etmək üçün ölkədən qanunsuz şəkildə iri maliyyə vəsaitləri çıxarıblar. Burada İlham Əliyevin övladlarının Dubay, London, Moskva və bir neçə başqa bahalı şəhərlərdə hər biri 10 milyonlarla dollar dəyərində mülklərə malik olduğu; Əliyevlərin Panamada və Vircin adalarında, Böyük Britaniyada qeydiyyatdan keçən ofşor şirkətlər vasitəsilə nəhəng biznes imperiyası qurduğu; Azərbaycan “pulyuyan maşını” mexanizmi ilə ölkədən 3.9 milyard dollar vəsaitin çıxarıldığı; İlham Əliyevin əmisi qızının Londonda təxminən 45 miylon manat məbləğində “çirkli pul yumaq” ittihamı ilə məsuliyyətə cəlb olunduğu barədə faktları, Avropa Şurasında “kürü diplomatiyası” qalmaqalını – Azərbaycan hökumətinin avropalı deputatları satın almaq üçün 50 milyon avro xərcləməsini yada salmaq olar.
İlham Əliyev ailəsi ölkə daxilində də iri holdinqlərə, banklara, çox sayda biznes obyektlərinə və nəhəng layihələrə sahibdir. Azərbaycan ictimaiyyəti ölkənin bütün az-çox gəlir gətirən sahələrinə Əliyevlər ailəsinin əl qoyduğu haqda xəbərlərə artıq alışıb. Əliyevləri dünyanın ən zəngin ailələrindən birinə çevirən hər hansı qanuni yol isə mümkün deyil. Bunun necə mümkün olduğunu izah edə biləcək bircə məfhum var: korrupsiya.
Həm bugünlərdə yayılan, həm də buna qədər yayılmış məlum beynəlxalq araşdırmalar da sübut edir ki, Azərbaycanda korrupsiya məmur özbaşınalığı deyil, dövlət siyasətidir və bu siyasətin başında şəxsən İlham Əliyevin özü durur. Məhz İlham Əliyevin istəyi və iradəsi ilə korrupsiya bütün dövlət aparatında aşağıdan yuxarı şaxələnmiş və dəqiq işləyən mexanizmə çevrilib.
Milli Şura hakim ailənin bu əməlləri ilə bağlı Azərbaycan Respublikas Baş Prokurorluğuna cinayət işinin başlanması haqqında müraciət hazırlayıb, yaxın günlərdə təqdim edəcək. Milli Şura həmçinin, Londonda aşkara çıxarılmış, Əliyevlərin xalqdan oğurladığı pullar hesabına əldə etdiyi əmlakların üzərinə həbs qoyulması ilə bağlı İngiltərənin Milli Kriminal Agentliyinə də müraciət edəcək.
Milli Şura hesab edir ki, İlham Əliyev korrupsiyanı dövlət siyasətinə çevirdiyi, tutduğu vəzifəsindən istifadə edərək ailəsinin adına çoxmilyardlıq sərvətlər topladığı üçün ölkəyə rəhbərlik etmək haqqını itirib və istefa verməlidir.