Bu gün, oktyabrın 6-da reportyor Anar Abdullayev 15 sutka inzibati qaydada həbs olunub.
Bu barədə onun vəkili Zibeyda Sadıqova məlumat verib. Onun sözlərinə görə, A.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Vəkil qeyd edib ki, A.Abdullayev dünən, oktyabrın 5-dən polisdə saxlanıb: “Məhkəmədə polis əməkdaşı bildirdi ki, Anar Abdullayev profilaktik söhbət üçün Nərimanov Rayon Polis İdarəsinə çağırılıb, oradan da Nərimanov rayon 18-ci Polis Bölməsinə aparılıb. Dediyinə görə, orada da polisin əmrinə tabe olmayıb, ünvansız söyüş söyüb, ona görə də onun barəsində protokol tərtib olunub. Anar isə bildirdi ki, ittihamı qəbil etmir, onu sosial şəbəkələrdə fəaliyyətinə görə çağırıblar, bölmədə şiddət göstəriblər”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan”a bildirib ki, A.Abdullayevə polis bölməsində fiziki təzyiqin göstərilməsi ilə bağlı fikirləri əsassızdır və həqiqətəuyğun deyil.
Reportyor Anar Abdullayevin saxlandığı deyilir
Bugün, oktyabrın 5-də reportyor Anar Abdullayevi polisin saxladığı bildirilir
Bu barədə Azadlıq Radiosuna onun yaxınları məlumat veriblər.
Onların sözlərinə görə Abdullayevi oktyabrın 5-də Nərimanov Rayon Polis İdarəsinə çağırıblar:
“İki dəfə evə gəliblər, Anar evdə olmayıb. Xəbər tutanda isə idarəyə gedib. Artıq 4 saatdır oradadır. Çağırılmanın səbəbini nə özünə, nə də bizə dedilər”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Azadlıq radiosu