Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayev 28 gündür aclıq etdiyini deyir. Bu müddətdə təxminən 20 kq çəki itirdiyini deyən cəbhəçi buna baxmayaraq, aclığı dayandırmaq niyyətində olmadığını vurğulayıb. Salayev bu barədə oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində çıxışında danışıb. Məhkəmədə onun həbsdən vaxtından əvvəl şərti buraxılmasıyla bağlı şikayətinə baxılırdı.
“Oradakıların hamısı yaxşı bilir ki…”
Bu prosesdə tərəflərdən biri də Salayevin saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsidir. Müəssisə rəhbərliyi AXCP üzvü haqqında mənfi rəy verib, onun vaxtından əvvəl azadlığa çıxmasına etiraz edib. Məhkəməyə cəzaçəkmə müəssisəsinin nümayəndəsi gəlməmişdi.
“Üzləri yoxdur gəlməyə. Oradakıların hamısı yaxşı bilir ki, mənə necə işgəncə verilib. Yatdığım yerdən qaldırdılar, aparıb işgəncə verdilər. İki-üç dəfə şəxsən müəssisənin rəisi Şakir Qəniyev işgəncə verib. Sonra da 10 gün “kars”a saldılar, orada quru aclıq elədim, qətiyyən əhəmiyyət vermədilər. Bunlar üçün insan həyatının qiyməti yoxdur”, – Salayev belə deyib.
AXCP üzvünün sözlərinə görə, 17 saylı Cəzaçəkmə Müəssisəsində onu məhbusların gözü önündə döyüblər. O vurğulayıb ki, ona verilən işgəncələrin izləri hələ də bədənində qalır. Boyun nahiyəsində xəsarət izini göstərən Salayev əlavə edib ki, son bir ay ərzində ailə üzvləri ilə telefon danışıqlarına da qadağa qoyulub: “Səbəb də budur ki, mən onların tələbinə boyun əymirəm. Tələb də budur ki, əfv ərizəsi yazmalıyam, AXCP-dən istefa verməliyəm…”.
Həbsdən buraxılmayıb
Hakim Salayevin işə aidiyyəti olmayan məsələlər haqqında danışdığını bildirərək onun çıxışını davam etdirməsinə imkan verməyib. Sonda isə cəzaçəkmə müəssisəsinin rəyi əsas götürülərək onun vaxtından əvvəl həbsdən buraxılmasının məqsədəuyğun olmadığı bildirilib.
Salayevin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Penitensiar Xidmətdən Salayevin dediklərinə münasibət öyrənmək mümkün olmayıb. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bundan öncə AzadlıqRadiosuna açıqlamasında bildirib ki, penitensiar müəssisələrdə saxlanılan bütün məhkumların qanunda nəzərdə tutulan hüquqları təmin olunur, onların arasında ayrıseçkiliyə yol verilmir. İşgəncə iddialarını təkzib edən Sadıqov əlavə edib ki, bu barədə şikayəti olan Penitensiar Xidmətə müraciət edə bilər: “Müraciətlər obyektiv, hərtərəfli şəkildə araşdırılır”.
Azadlıq radiosu