Ocaqnejad kimdir və onu Azərbaycandan qova biləcəklərmi?
“İran Mədəniyyət Mərkəzi” fəaliyyətini dayandırmalı və Ocaqnejad Azərbaycanı tərk etməlidir” – bu fikirləri Prezident Administrasiyasının kurasiyasında olduğu siyasi çevrələrdə heç kimdə şübhə doğurmayan politoloq Mübariz Əhmədoğlu səsləndirib.
M.Əhmədoğlu daha sonra əlavə edib: “Heç kim bilmir ki, bu struktur nə işlə məşğuldur. Ocaqnejad kimdir, molladır, ya siyasətçi?! O, din xadimlərini, ekspertləri başına yığıb siyasi təhlillər edir. Informasiya və kommunikasiya sahəsində nüfuzlu şəxslərlə əlaqə yaradıb, iş birliyi qurur. Iranı lazımi informasiyalarla təmin edir. Dində belə qeyri-şəffaflığa yer yoxdur. Şəffaf olsa belə, bu struktur Azərbaycanı tərk etməlidir. Bütün problemlərin mənbəyi o insan və o strukturdur”.
M.Əhmədoğlunun bu fikirlərini ekspertlər Iranla Azərbaycan arasında yaranan gərginliyin daha yüksək çevrələrə sirayət etməsi kimi qiymətləndirirlər. Rəsmi Bakı artıq Irana aşkar meydan oxumağa başlayır. Çünki höccəttülislam Əliəkbər Ocaqnejad Azərbaycanda təsadüfi adam deyil. Onun ölkənin xüsusən Cəfəri məzhəbinə inanan kəsimi arasında böyük nufuzu və təsir imkanları var. Bu adamı hədəfləmək yaxın günlərdə daha dramatik hadisələrə şahidlik vəd edir.
Ocaqnejad 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir.
Jurnalist Natiq Cavadlı keçmiş təhlükəsizlik xidməti əməkdaşına istinadən bir dəfə yazmışdı ki, höccəttülislam Ocaqnejad 1993-cü ildə “Təzəpir” məscidində panislamizm təbliğatı apardığına görə nəzarətə götürülür. Ancaq 1993-cü ildə MTN Höccəttülislam Ocaqnejadı həbs etmək əməliyyatı hazırlasa da, naməlum səbəblərdən bu, baş tutmayıb.
Bakıdakı Zooparkın yaxınlığındakı məscid Ocaqnejad Ağanın məscidi kimi tanınır. Ora toplaşanların hamısı istisnasız olaraq Ocaqnejadı avtoritet kimi qəbul edirlər.
S.Novruz