AXCP sədri Əli Kərimli
Türkiyənin keçmiş Daxili İşlər naziri Sadettin Tantan “Turan” agentliyinə Qarabağla və 10 noyabr bəyanatı ilə bağlı sensasion müsahibə verib. Tantan bəy deyir: “Azərbaycanın öz torpaqlarını erməni işğalçılarından təmizləmək üçün Türkiyənin dəstəyi ilə başlatdığı haqlı mübarizə nəticəsini tam şəkildə vermədən dayandırıldı. Düşnüdürücü sual budur: Azərbaycan tam qələbənin ərəfəsində ikən niyə bir anda Rusiyanın atəşkəs təklifini qəbul etdi?”
Tantan bəy fikirlərini çoxumuzu düşündürən bu ritorik sualla davam etdirib: “Bu müharibədə Azərbaycan xalqı öz milli şüurunu daha da gücləndirmiş, vətən torpaqlarını işğalçılardan tamamilə təmizləmək üçün dövlətlə millət tam həmrəylik nümayiş etdirmişdi. Bu qərarın qəbul edilməsinin əsas səbəbi Azərbaycanın Rusiyaya bir çox baxımdan bağlı olması və Rusiyanın bundan təhdid vasitəsi kimi istifadə etməsi ola bilərdimi?”.
Türkiyənin keçmiş Daxili İşlər naziri Azərbaycan üçün qarşıdakı vəzifəni də tam olaraq Azərbaycanın gerçək müxalifətinin gördüyü kimi təsvir edir: ”Əsas məsələ ərazilərin hamısını və sərhəd məntəqələrini tam nəzarət altına almaq olmalıdır”.
Dostlar, hər ötən gün bir daha sübut edir ki, İlham Əliyevin 10 noyabr bəyanatı, Rusiya “sülhməramlıları” ilə bağlı dedikləri, vədləri yalan çıxdı. Bizim ilk gündən dediyimiz kimi, Rusiya Qarabağa ordusunu yeridib, Ermənistanın tam məğlubiyyətinə, Azərbaycanın isə tam qələbəsinə imkan vermədi. İndi bu həqiqəti bütün vicdanlı həmvətənlərimiz də, ölkəmizin gerçək dostları da görür. Hökumət heç olmasa indi yalandan imtina etməli, ölkəni Rusiya “sülhməramlılarının” yumşaq işğalından qurtarmaq üçün real addımlar atmalıdır. Regionumuzda hazırkı həssas məqam, ətrafımızda baş verənlər, bəzi qonşularımızın yorulmadan yaratdığı problem və təhdidlər Azərbaycanla Türkiyə arasında birgə müdafiə haqqında dövlətlərarası sazişin imzalanmasını labüd edir.