Milli Şuranın sədri, professor Cəmil Həsənli
1914-cü ilin sentyabr ayının 11-də türk dünyasının böyük liderlərindən biri İsmayıl bəy Qaspralı vəfat etdi. Bütün türk dünyası üçün böyük itki oldu. Sentyabr ayının 13-də “Kaspi” qəzetində Əlimərdan bəy Topçubaşi “İsmayıl bəy Qasprinskinin xatirəsinə” adlı təsirli bir vida sözü yazdı. Onlar birlikdə maraqlı mübarizə yolu keçmişdilər. 1908-ci ilin may ayının 2-də Baxçasarayda “Tərcüman” qəzetinin 25 illiyi qeyd ediləndə Krımdan və digər yerlərdən gələn çoxsaylı qonaqların iştirakı ilə keçirilən dua mərasimində çıxış edən yerli imam mərasim iştirakçılarından xahiş etdi ki, tanınmış publisistlər Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev üçün dua etsinlər, onlara sağlamlıq və uğur arzulasınlar. İmam dedi: “Yazıları və xalq işlərində himmətləri ilə məlum Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev əfəndilərin sağlıq və səlamətliyini Xudadan təmənna edirik, yaşasınlar. Amin!” Mərasimdə iştirak edən minlərlə adam imamın səsinə səs verərək birağızdan dedi: “Yaşasınlar!” Və yaşadılar da, bu gün də yaşayırlar!
Əlimərdan bəy İsmayıl bəy haqqında vida sözündə yazirdı: “Son yarım əsr ərzində adı yalnız Rusiyadakı müsəlmanlar arasında deyil, xaricdə də çox yaxşı tanınan bu şəxs daha sıralarımızda deyil. Yarım əsr ərzində sakit, lakin inamlı şəkildə müsəlmanlara bilik, tərəqqi və ictimai şüur yolunu göstərən insanı həmişəlik itirdik. Amansız tale öz qəddar əli ilə işıq saçan şamı söndürdü. Bununla da müsəlmanları dərin ələm və qüssəyə qərq etdi. Müsəlmanlar arasında doğma xalqın mənafeyinə səmimi-qəlbdən bağlı olan ictimai xadimlərə çox az təsadüf edildiyindən ələm və qüssəmizin miqyası da böyükdür. Çünki indi unudulmaz İsmayıl bəy Qasprinskini əvəz etməyə başqa adamımız yoxdur… O, həm ictimai və publisist fəaliyyətinin başlanğıcında, həm də müsəlman ictimai fikrinin hamı tərəfindən tanınmış lideri kimi şöhrətinin zirvəsində olanda üzərinə götürdüyü vəzifənin icrasından bir an da geri çəkilmirdi. Başqa bir şəxs deyil, məhz İsmayıl bəy irticanın meydan suladığı səksəninci illərdə öz balaca “Tərcüman”ının səhifələrində mühafizəkar “Moskovskie vedomosti” qəzetində çap olunan gurultulu antimüsəlman məqalələrə dəyanətlə cavab verirdi… İsmayıl bəy Qasprinski kimi şəxsin vəfatı müsəlmanlar üçün böyük itkidir. Onların kədəri başa düşüləndir. Lakin qoy İsmayıl bəyin müsəlman camaatın faydasına sərf edilən şərəfli həyat yolu hər kəsə təsəlli olsun. Müsəlmanların hər biri isə İsmayıl bəyin təzə məzarı önündə bu sözləri deyə bilər: “İsmayıl bəy, çox sağ ol ki, doğma xalqının maraqları keşiyində dayanaraq əlindən gələn hər işi gördün. Sən həqiqi insan kimi doğuldun, yaşadın və öldün”.