Bakı-Şamaxı yolu ilə gedib-gələnlər nədən danışdığımı dərhal təsəvvür edə biləcəklər. Şəhərin çıxacağından Xırdalanacan olan ərazidə yeni “inkişaf layihəsi” başlayıb. Bizim şanlı hakimiyyət yolun kənarına maşınlarla torpaq daşıtdırır, texnikanın köməyi ilə onu dikəldir və dağ yaradır. Dağın yamacına isə gözəllik düzəldirlər. Yəqin ki, xarici ölkələrdən gətirilmiş olan yaşıl çəmənliklərlə dağı örtür, bunun üzərində isə gözəl güllər əkirlər. Artıq Biləcəri həndəvərində bu dağlardan hazırını görmək olar. Necə deyərlər, biz Biləcəridən o yana keçə bilmədik, dağ isə Biləcəridən bu yana keçib…
Onu da deyim ki, indi də burada gecə-gündüz iş gedir, böyük, yeni və zirək maşınlar dayanmadan bu saxta dağları qurmağa haradansa torpaq daşıyırlar. Gözəl dağlardır… Adam baxdıqca baxır. Düşünürsən, ilahi, sən bu xalqa qarğadınmı ki, onun başına belə gözəl pisliklər gəlir. Harada görünüb ki, olmayan dağı abadlaşdırasan, olmayan dağı qurmağa böyük vəsaitlər səpələyəsən.
Bu saxta dağlara baxanda toyxanaların həyətində rast gəldiyimiz dağ şəkilli şəlalə və təpələr yada düşür. Onları quran ağıllar dövlətin başına gəliblər və belə layihələri indi ölkənin başına gətirmək istəyirlər. Zatən bunlar elə toyxana sahibləridir həm də, toyxana idarə etməyi də yaxşı bacarırlar, toy tutmağı da. Bu ölkədə hansı naziri, hansı başçını, hansı rektoru göstərsən, onun toyxanasının yerini dərhal sənə deyəcəklər. Mən artıq şübhələnirəm ki, bəlkə Ilham Əliyevin də toyxanası var.
Nə hikmətdirsə, bu saxta dağlara baxanda onun zirvəsini asanlıqla görmək olur, zirvədə isə saxta hakimiyyətimizdir. Ora torpaq daşıyan maşınlar isə adama pul daşıyan maşınlar kimi görünürlər. Gör nəyə pul sərf edirlər, gör nədən pul çıxarırlar?
Xalqımız bu layihələrin arxasında pul silmək eşqinin də durduğunu bizdən də yaxşı bilir. Amma o da nə sirdirsə, ağızlarını açanda şəhərin gözəlləşməsindən danışır insanlarımızın çoxu. Gözəlləşdirmək istəyirsiniz, həmin ərazini gözəlləşdirin, daha olmayan yerdə dağ niyə tikirsiniz? Bu nə hoqqadır?
***
“Eurovision” yarışması haqda biz uzun illər tənqidi yazılarla çıxış etdik. Əslində, bizim tənqid hədəfimiz Azərbaycan hakimiyyətinin bu yarışmaya (həm də bunun kimi digər musiqi və idman tədbirlərinə) ölkənin həyat əhəmiyyətli problemi kimi baxması idi. Biz hesab edirdik ki, bu cür yanaşma səhv və ziyanlıdır. Sən ölkəni Avropa dəyərlərindən uzaq bir məkan kimi idarə edəsən, onu ictimai bataqlığa çevirəsən, sonra da mənasız bir yarışmaya bu qədər önəm verəsən – bu, cinayətkarcasına edilən bir səhvdir. Xalqın başını şou ilə qatmaq və acı həqiqətləri pərdələməkdir. Bir hiylədir…
Amma bizə qarşı çıxanlar təkcə iqtidar düşərgəsi deyildi. Hətta müxalif cinahdan olan insanlar bu mövqeyimizi “hər şeyə mız qoymaq” kimi qəbul edir, bizim qələbəyə ehtiyacımızın olduğunu deyirdi. Bizi milli uğurlara sevinməməkdə, erməni dəyirmanına su tökməkdə qınayırdılar. “Eurovision”a qarşı çıxmağı dövlətçiliyə qarşı çıxmaq kimi dəyərləndirənlər də oldu…
Indi gördünüzmü, artıq bir çox Avropa ölkələri “Eurovision-2013″ə qatılmayacağını bəyan edib. Onlar hesab edir ki, o cür tədbirə bu qədər diqqət və xərc ayırmağa dəyməz. Hələ həmin ölkələrin bu tədbirə bizdən qat-qat az pul xərclədiyini də nəzərə alın. ”The Daily Telegraph” yazır ki, Portuqaliya və Polşa gələnilki yarışmadan çəkiləndən sonra Britaniya da bu “nimdaş tədbirə” qatılmamaq qərarını verəcək.
Hətta həmin ölkələr fikrini dəyişib “Eurovision”a qatılsalar belə, bu yarışma göstərilən diqqətə layiq deyil. Azərbaycan hakimiyyəti isə özünü elə aparır ki, sanki bizim ölkənin yeganə tarixi hədəfi bu yarışmada uğur qazanmaqdır. Saxta vətənpərvərlik, yanlış yanaşma, siyasi hiylə. Başqa heç nə!