Mücahid şair Əlirza Nabdil Oxtay
XX əsrin ortalarında Iranda Pəhləvi rejiminin at oynatdığı, azərbaycançılıq məfkurəsinin dövlət tərəfindən rəsmən qadağan edildiyi bir vaxtda azərbaycanlıların haqqı uğrunda şərəflə mübarizə aparan şəxsiyyətlərdən biri də Əlirza Nabdil Oxtay olmuşdur. Əlirza Nabdil cəmi 28 il ömür yaşamışdır. Lakin bu ömür çox şərəfli, gələcək nəsillərə nümunə olacaq bir ömür olmuşdur. Əlirza Nabdil 1944-cü ildə Təbrizdə anadan olmuş, uşaqlıq və gənclik illəri də burada keçmişdir.
Əlirza Nabdilin həyat yolunun ilk illəri Azərbaycan tarixinin şərəfli səhifələrindən birini təşkil edən Cənubi Azərbaycandakı Milli Demokratik hökumətin fəaliyyəti dövrünə (1945-1946) təsadüf etmişdir. Milyonlarla gənc azərbaycanlı kimi millətin varlığı və hüququ, siyasi müstəqilliyi ilə bağlı arzu və diləkləri zamanın sərt qovğalarına tuş gələn Əlirza Nabdilin ürəyindəki vətən sevgisini, mübarizə ruhunu heç nə söndürə bilməmişdir. Sonralar məslək və məramını “Mən məhəbbət yolunda can qoymaq üçün yaranmışam” şəklində bəyan edən şair və mücahid Təbriz, Əhər, Marağa, Ərdəbil və Xoy şəhərlərində təhsil alaraq orta məktəbi bitirmək barədə diplom alır və 1961-ci ildə Tehran Universitetinin hüquq fakültəsinə qəbul olunur. Hüququ tapdalanan, dilinə, milli adət-ənənələrinə, ədəbiyyatına, maarifinə yasaqlar qoyulan millətin hüquqlarını qorumaq eşqi ilə yaşayan gənc 1967-ci ildə universiteti bitirir. Ali təhsilli hüquqşünas diplomu alsa da, arzusunu gerçəkləşdirməyə nail ola bilmir, rejim onun ədliyyə orqanlarında çalışmaq istəyinin üstündən qara bir xətt çəkir.
Ə.Nabdil hüquq sahəsində fəaliyyət imkanlarının olmadığını görüb, Xoy şəhərində müəllim kimi fəaliyyətə başlamış, özü gənc olsa da, gəncliyi vətən və xalq azadlığı uğrunda mübarizlər kimi yetişdirməyə cəhd göstərmişdir. “Ağır və üzücü şəraitdə, ana dilində məktəb, mədrəsə və mətbuatın olmadığı, doğma Azərbaycan türkcəsinin dövlət idarələrində deyil, hətta küçə və meydanlarda yasaq edildiyi dövrdə əqidə və məslək dostları ilə birgə o, nəinki doğma dilində danışmaq, eyni zamanda yazıb-yaratmaqdan da çəkinmir. Xoyda müəllim işlədiyi illərdə o, Cənubi Azərbaycanın mütərəqqi fikirli ziyalılarından olan yazıçı-müəllim Səməd Behrəngi (1940-1969) ilə tanış olur və bu tanışlıq onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. S.Behrəngi Ə.Nabdilin duyğu, düşüncə və məramına bələd olduqdan sonra onu milli ruhlu ziyalılardan olan Əmir Pərviz Puyanla tanış edir”(Vikipedia). Şərəfli mübarizə yolu Ə.Nabdil şahlıq rejiminə qarşı müxalif olan gənclərin dərin rəğbətini qazanır və əqidə dostlarından olan Bəhruz Dehqani və Manaf Imani ilə birgə “Iran Xalq Fədai Partizanları” təşkilatının Təbriz qanadının mərkəzi özəyini yaratmağa nail olur. Bu təşkilatın əsas məqsədi Iran ərazisində yaşayan xalqları, o cümlədən hamıdan artıq ayrı-seçkiliyə, təqib və məhrumiyyətlərə məruz qalan Azərbaycan türklərini şahlıq rejiminə qarşı mübarizəyə hazırlamaqdan və gələcəkdə Iranda yaşayan xalqların milli, mənəvi və hüquqi bərabərliyini təmin etməkdən ibarət idi. Bu təşkilatın fəaliyyəti nəticəsində 1970-ci ildə şahlıq rejiminə qarşı “Siyahkəl silahlı üsyanı” adı ilə məşhur olan xalq hərəkatı baş vermişdi ki, hərəkatda ən fəal şəkildə iştirak edənlər, heç şübhəsiz ki, hüquqları tapdanan Azərbaycan türkləri idi. Əfsuslar olsun ki, beynəlxalq demokratik qüvvələr tərəfindən yetərincə himayə olunmayan bu xalq hərəkatı silah gücünə amansızcasına yatırıldı və təşkilatın qərarı ilə onun üzvləri Iranın müxtəlif yerlərinə səpələnərək gizli fəaliyyətə keçdilər.
1971-ci ilin baharında Tehranın Paminar rayonunun xəfiyyələri tərəfindən izlənilən Ə.Nabdil hökumətə qarşı silahlı mübarizəni təbliğ edərkən dövlət məmurlarının atəşinə məruz qalaraq ağır yaralanaraq huşsuz halda ələ keçirildi.
SAVAK-ın məşhur cəlladları Niktəb, Pərviz Sabiti və onların əlaltıları tərəfindən ağır işkəncələrə məruz qalan Əlirza Nabdildən öz yoldaşları və təşkilat barədə heç bir məlumat ala bilmirlər. Polis nəzarəti altında olan xəstəxanada müalicə olunarkən imkan tapan kimi xəstəxananın üçüncü mərtəbəsindən tullanaraq qaçmaq istəyən Ə.Nabdil ələ keçməsin deyə, yenicə sağalmağa başlayan yarasını yırtaraq bağırsaqlarını əlinə dolayıb intihara cəhd edir, amma buna müvəffəq olmur. Polisin yaxaladığı, yenidən zindan küncünə atılan şair on bir ay ağır işgəncələrə dözür. Uzun sürən məhkəmələr ona altı dəfə ölüm hökmü çıxarsa da, hökmün icrasına onun dilindən söz ala bilmədiklərinə görə cəsarət etmirlər. Nəhayət, 1972-ci il martın 13-də Ə.Nabdil Manaf Fələki və digər səkkiz məsləkdaşı ilə birlikdə vəhşicəsinə edam edilir.
Ə.Nabdilin vəfatından 7 il sonra Həbib Sahir məqalələrinin birində şair haqqında yazırdı: “Oxtayın şeirləri nə o taylıların, nə də bu taylıların şeirinə bənzəmir. Oxtayın əlhanında yalnız gözəllik deyil, dərin bir duyğu və fərqli bir ahəng var idi. Şübhəsiz, Oxtay müstəsna istedadı olan bir gənc idi. Lakin əfsus, o parlaq cavahir qara torpaq altında çürüyüb fənaya getdi”.
“Gedirik ölkəmizi, yadlar əlindən alaq?”
Şeirlərini “Oxtay” təxəllüsü ilə yazan Ə.Nabdilin belə bir təxəllüs götürməsi təsadüfi deyil. Şairin təxəllüsünün izahı ilə bağlı qeydlərindən anlaşıldığı kimi, təxəllüsün anlamı “oxa tay, ox kimi, oxa bənzər” mənalarını verir. Ə.Nabdilin ölümündən sonra dostları onun şeirlərini toplayaraq “Işıq” adlı bir kitabda nəşr etdirmişlər. Topluda çap olunmuş şeirlərin 33-ü və şair Məftun Əminindən edilmiş 2 tərcümə 1963-1967-ci illərə aiddir. Şairin S.Behrənginin olümü münasibəti ilə yazdığı “Səməd könlümdədir” şeiri isə “Arəş” qəzetindən alınaraq kitaba daxil edilmişdir.
Ə.Nabdil Oxtayın “Tozlu piano”, “Işıq”, “Yurd”, “Səttarxanın atlıları” və s. kimi əsərləri “adi əhvalatlarda böyük həqiqətlər”in çox ustalıqla verilməsi, əsas ideyanın açılmasına xidmət edən orijinal deyim tərzi ilə diqqəti cəlb edir. Əlirza Nabdilin “Tozlu piano” şeirində susmuş pianonu dilləndirmək və dillənmiş pianonun sədaları altında yeni inqilabi nəğmələrin oxunacağına oxucusunu inandırmaq məqsədi güdülmüşdür:
Sazaqlı bir səhər parçalayaraq Qara səssizliyi tozlu piano.
Qızğın barmaqlardan axacaq o gün
Səhəndin buzlanmış ağca gülləri!
Qorxulu bir rəqsə başlayırlar, bax,
Dağların açmamış solan gülləri!
Canlanır dənizlər, qıvrılır çöllər,
Qaçırlar ulduzlar qanlı göylərdən,
Ulduzlar – gecənin bahadırları…
Əlirza Nabdilin “Səttarxan atlıları” şeirində oxuyuruq:
Sübh azanı olmamış, gümüş ulduz solmamış,
Tüfəngim kürəyimdə, qatarlar belimdəykən,
Qızıl atım yel kimi, götürülür dağlara.
Onu bir qaşovlayın, yəhərin hazırlayın.
Istibdad qoşununa, gedirik qırğın salaq.
Gedirik ölkəmizi, yadlar əlindən alaq!
Gedirik gədiklərin, qurdların tutub boğaq.
Bəlkə gələcəkdə siz, balalar, dincələsiz.
Qızıl atın belində, dağlara yüksələsiz.
Şairin “Azərbaycan və milli məsələ” əsərində “Azərbaycan dili və ədəbiyyatı necə yarandı?”, “Irtica fars millətçiliyini qabartmaqla Iran xalqlarının mədəniyyaətinin məhvinə çalışır”, “Feodalizm dövründə Azərbaycan üçün milli məsələ mövcud deyildi”, “Məşrutə inqilabı və inqilabı mədəniyyət”, “Xiyabani hərəkatı”, “Rza şah diktaturası”, “1324-1325-ci illərdə (1945-1946-cı illər) demokratik hərəkat”, “Demokratların məğlubiyyətin sonra”, “Azərbaycanda milli mədəniyyətə yeni meyl etmələr” və s. məsələlər öz əksini tapıb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir