Füzuli hava limanına ilk sərnişin təyyarəsi enib

Avqustun 5-də Azərbaycan Hava Yolları Şirkəki Füzuli Beynəlxalq Hava Limanınına sərnişin təyyarəsi ilə sınaq uşuşunu həyata keçirib. Simvolik olaraq təyyarə “Qarabağ” adlandırılıb.

Füzuli Beynəlxalq Hava Limanınına bu gün, avqustun 5-də sınaq uçuşu həyata keçirilib.

Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus “Airbus A340-500” tipli sərnişin təyyarəsi bu hava limanında eniş icra edib.

AZƏRTAC-ın xəbərinə görə, simvolik məna olaraq həmin təyyarə “Qarabağ” adını daşıyır.

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri sayılan “Boeing 747-400” tipli hava gəmisi də bu gün, avqustun 5-də Füzuli hava limanına eniş icra edib. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Xəbərdə qeyd edilir ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə, naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verməlidir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Habelə xəbərə görə, avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olmalıdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Bildirilir ki, gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır.
Xəbərə görə, sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib.

Bu limanın təməli bu ilin yanvarında qoyulub. Amma layihənin maliyyə tərəfi ilə bağlı detallar açıqlanmayıb.

Artiq işğaldan azad edilən Laçın (Amma Laçın rayonunda dəhliz yaradıldığından və orada Rusiya hərbiçiləri yerləşdiyindən rayon mərkəzi Azərbaycanın faktiki nəzarətinə keçməyib ) və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir.

Azadlıq radiosu