AXCP sədri Əli Kərimli
Həbs olunmuş Eldəniz Səlimovu kim deputat seçdiribmiş?
Hökumət mətbuatı yazır ki, polisi döydüyü üçün həbs edilmiş deputat Eldəniz Səlimovun heç ali təhsili də yox imiş. Diplomu saxta imiş. Yazırlar ki, onun heç bir siyasi təfəkkürü də yox imiş, siyasətə yad biri imiş. Hökumət mətbuatı onu da yazır ki, diplomu saxta olsa da, keçmiş icra başçısına, Xaçmaz rayon YAP-ın hazırkı sədrinə yaxın olduğu üçün Eldəniz Səlimov gənc yaşlarından uğurlu, əksər yüksək təhsilli, istedadlı gənclər üçün əlçatmaz olan karyera qura bilibmiş. Deyirlər ki, “alış-veriş” işini də yaxşı bilirmiş. Ona görə də rayonda vəzifəyə getmək istəyən şəxslər onun “bığının altından” keçməli olurlarmış. Yazırlar ki, hətta daha layiqli namizədlər ola-ola ona görə Eldəniz Səlimov deputat təyin olunub ki, o “alış-veriş” işini daha yaxşı bilirmiş. Hökumət mətbuatı indi keçmiş deputatın hətta kütləvi saxtakarlıq şəraitində seçildiyini də yazıb. Bircə onu yazmayıblar ki, saxta diplomlu, “alış-veriş” ustası, saxtakar, zorakılığa meylli, siyasi təfəkkkürü olmayan bir adam yalnız Azərbaycandakı kimi avtoritar rejimlərdə, 28 il ailə hakimiyyətinin mövcud olduğu, seçki və digər demokratik institutların məhv edildiyi ölkədə deputat təyin oluna bilərdi.
Eldəniz Səlimov Əliyev rejiminin məhsulu, hətta sifətidir. Harınlayıb içkili vəziyyətdə rejimin dayağı olan polisə əl qaldırmasaydı, deputat olaraq qalacaqdı. Hətta bəlkə icra başçısı və ya nazir də olardı. Hakimiyyəti vəzifəyə təyin etdiyi şəxslərin təhsili də, səviyyəsi də, siyasi təfəkkürü də az maraqlandırır. Önəmli olan vəzifəli şəxsin “alış-verişi” yaxşı bilməsidir ki, onu da deyirlər, Eldəniz Səlimov yaxşı bilirmiş.