İyulun 28-də Azərbaycan və Ermənistan qarşılıqlı atəşkəsin pozulması ilə bağlı məlumatlar yayıblar. Azərbaycan iki hərçisinin yaralandığını, Ermənistan isə 3 hərbçisinin öldüyünü, iki hərbçisinin yaralandığını bildirir.
Ermənistan itkiləri açıqlayıb
Ermənistan Müdafiə Nazirliyi iyulun 28-də iki ölkənin sərhəddəki silahlı toqquşma ilə bağlı yekun məlumat yayıb. Məlumatda ölən üç hərbçinin adları qeyd olunub.
Bunlar baş leytenant Hayk Hovhannes Qorqyan, sıravi Koryun Arayik Harutyunyan və sıravi Davit Qarnik Köçəryandır.
Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində, Sotk-dan Verin Şorjaya qədər olan döyüş əməliyyatlarında üç itkidən başqa Ermənistanın üç hərbçisi yaralanıb, biri isə itkin düşüb.
Rusiyanın təşəbbüsü ilə atəşkəs
Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın təşəbbüsü ilə atəşkəs elan olunduğunu bildirir:
“Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir”.
Nazirliyin yaydığı sonuncu məlumatda qeyd olunur ki, “buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir”.
Bu məlumata , hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.
Azadlıq radiosu