Milli Şuranın sədri, professor Cəmil Həsənli
Altı ayın yekunlarına əsasən icmal büdcədə profisit 2 milyard manatı ötüb. Verilən məlumata görə bu ilin 6 ayında vergi orqanları nəzərdə tutulduğundan 810 milyon manat, gömrük orqanları isə 206 milyon manat artıq vergi toplayıb. Amma elə həmin müddətdə ölkədə işsizlər ordusunun sayı daha 60 min nəfər artıb. Yəni 2020-ci il ərzində 49,4% artmış işsizlik səviyyəsinə bu ilin 6 ayında daha 18 faiz əlavə olunub. Qurban bayramı günlərində isə yarım kilo ətə görə baş vermiş “Osmanı – Səfəvi döyüşlərində” xəsarət alanların olduğu bildirilir.
İnkişaf nağılının yeni seriyasına başlayan Müzəffər müəllim hətta qeyd edib ki, “hər bir ölkə bizim göstəricilərlə fəxr edə bilər”. Yəni 120-150 dollar arası aylıq pensiya, ondan bir qədər artıq 150-200 dollar arası aylıq əmək haqları ilə Azərbaycan vətəndaşları deyil, öz vətəndaşına bundan 8-10 dəfə artıq pensiya və əmək haqqı verən xarici ölkələr millətimizin “toxluq” xəstəliyinə tutulması ilə fəxr edə bilərlər. Amma bu ilin altı ayı ərzində ölkə daxilində qazın, işığın, suyun və digər komunal ödənişlərin qiyməti, cərimə və rüsumların həcmi nə qədər artıb? Deyəsən bu barədə danışmaq elə də xoş deyil. Çünki qeyd edilən dövrdə idxal malları 27%, ümumi məhsul bazarı 20%, istehlak bazarları 16% bahalaşıb və əlavə olaraq bu bahalaşma fonunda ölkədə orta aylıq əmək haqqı 2%-ə yaxın aşağı düşüb. Bu ilin altı ay da daxil olmaqla son 5-6 ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi də öz növbəsində azalma xətti ilə gedir. Doğrudan da “fəxr ediləsi” mənzərədir.
Ən başlıcası isə ölkənin leqal və kölgə iqtisadiyyatının yarıdan çoxuna nəzarət edən hakim ailənin başçısı İlham Əliyev millətə gözəl bir “müjdə” də verib və bəyan edib ki, dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir.
100 il bundan əvvəl Bakıya gələn Amerika neft mühəndisi Morris ölkənin neft ehtiyatlarını araşdırdıqdan sonra Azərbaycan hökumətinə hesabatında yazmışdı ki, siz xəzinə üzərində oturan dilənçilərsiniz. Deyəsən 100 il sonra da vəziyyət dəyişməyib.