Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazırdır, bir neçə gün əvvəl Bakı və Yerevana baş çəkən Aİ Şurasının Prezidenti Charles Michel deyib.
Cənubi Qafqaza vəd edilən geniş maliyyə dəstəyi Aİ-nin bölgə sabitliyində maraqlı olduğunu göstərir, Azərbaycan-Ermənistan məsələlərini işıqlandıran karabakhspace.eu saytında dərc olunmuş məqalənin müəllifi Benyamin Poghosyan yazır.
“Rəy: Aİ-nin Ermənistana əsaslı yardım paketi Yerevanın Qarabağ dilemmasını həll etmir” başlıqlı təhlilə əsasən, Aİ 10 noyabr tarixli Üçtərəfli bəyanatla bölgədə yaranan status-kvonu qəbul edir və onu zorla dəyişdirmək cəhdlərinə qarşıdır.
“Dağlıq Qarabağ statusunun həlli”ni qeyd etmədən sərhədlərin demarkasiyasına dair Aİ-nin çağırışı, məhz ittifaqın belə düşüncəsini əks etdirir, məqalədə deyilir.
Təhlildə həmçinin, Ermənistana daha geniş dəstəyin səbəbləri göstərilir.
Cənubi Qafqazdakı ən böyük yardım paketini Yerevana ayırmaq qərarı Ermənistanın ötən ilki müharibədən “ən çox əziyyət çəkməsi” və Ermənistanın status-kvoya qarşı çıxmağa daha çox meyilli olması ilə izah oluna bilər, məqalədə deyilir.
Aİ hesab edir ki, sıravi vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi ermənilər arasında “yeni status-kvonu” dəyişdirmək ideyasının cazibədarlığını azaldacaq, çünki onlar yeni əldə etdikləri iqtisadi rifaha təhlükə yaratmaq istəməyəcəklər, beləliklə də bölgənin “nisbəti sabitliyinə töhfə” verilmiş olacaq.
Aİ Şurasının Prezidenti ötən həftə Yerevana səfər edərkən Ermənistandakı “prioritet proqramlar” üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılması ilə bağlı planlarını təsdiqləyib. Charles Michel ayrılacaq vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib.
Müqayisə üçün, Aİ eyni proqramla Azərbaycana 140 milyon avro, Gürcüstana isə 1.175 milyard avro vəsait ayırıb.
Aİ-nin Ermənistana geniş dəstək planı Yerevanı çətin seçim qarşısında qoyub, Benyamin Poghosyan yazır.
Belə ki, Yerevan ya iqtisadi ehtiyatlarının əhəmiyyətli hissəsini Rusiya qoşunlarının geri çəkilməsindən sonra Qarabağda qalan əhalinin müdafiəsi üçün hərbiyyəsinin müasirləşdirilməsinə yönəltməli, ya da Qarabağda yaşayan ermənilərin tədricən Ermənistanda yerləşmələri üçün “uyğun şərait” yaratmalıdır ki, 2020-ci ilin 10 noyabrından sonra ermənilərin “qəfil tərk” etməsiylə bağlı vəziyyət yenidən təkrarlanmasın.
Lakin Aİ Ermənistan-Azərbaycan sərhədində “sərt təhlükəsizliyi” təmin etmək, azərbaycanlıları “Sünik və Geğarkunik vilayətlərindəki” əraziləri tərk etməyə məcbur etmək iqtidarında deyil, məqalədə deyilir.
Azərbaycan Ermənistan ərazilərinə daxil olmadığını, öz ərazisində sərhədin möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirildiyini deyir.
Azərbaycan kommunikasiyaların açılması problemini Bakıya səfər edən Aİ Şurasının prezidenti Charles Michel-lə görüşdə şərh edib.
“Bölgədəki bütün kommunikasiyaların açılması münaqişədən sonrakı həll mərhələsində çox vacib bir məqamdır və bu, 10 noyabr tarixli Üçtərəfli bəyanatda vurğulanır,” – İkinci Qarabağ müharibəsindən sonra bölgədəki kommunikasiyaların bərpası üçün yeni imkanların açıldığını deyən Prezident İlham Əliyev bildirib.
Onun sözlərinə görə, “bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir”.
“Bölgədə dörd ölkə – Azərbaycan, İran, Rusiya və Türkiyə – bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma selektiv olmamalıdır. Bütün kommunikasiyalar eyni zamanda açıq olmalıdır”.
İkinci Qarabağ müharibəsindən sonra bölgədə aparıcı rollara sahib Ankara və Moskvanın mövqelərini “tarazlaşdırmaq üçün” Aİ Cənubi Qafqazda daha geniş təmsil olunmağa çağırılırdı və belə görünür ki, Aİ-nin son səfərlər silsiləsi belə çağırışlara cavab sayıla bilər.
Bbc.com