Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Çoxlarını bu sual düşündürür: Əliyevin gözlənilməz Moskva səfərinin arxasında hansı mətləblər gizlənir?
Hər şey o qədər bəsit və aydındır ki!
Bu günlərdə Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyinin iştirakı ilə Batumidə üçtərəfli zirvə düzənləyib birlikdə çox böyük önəm daşıyan Batumi Deklarasiyasını imzaladılar.
Deklarasiyanın əsas qayəsi üç ölkənin Avropa Birliyinə üzv olmaq niyyətinin və qətiyyətinin ifadəsidir. Batumi Bəyannaməsində o da vurğulanır ki, hər üç ölkə Avropa Birliyinin Şərq Tərəfdaşlığı platformu çərçivəsində əməkdaşlığa sadiqdir və təşəbbüs ediləcəyi halda digər Şərq Tərəfdaşlığı ölkələrinə bu yöndə hər cür dəstək verməyə hazırdır.
İlham Əliyevin hövlank Moskvaya çağrılması da bu məsələ ilə bağlıdır, çünki bu təşəbbüs bölgənin avtoritar liderləri üçün əcəl zənginin çalınması deməkdir.
Şərq Tərəfdaşlığı proqramının üç üzvü- Gürcüstan, Moldova və Ukrayna birmənalı olaraq Avrointeqrasiya kursunu seçdi və bu istiqamətdə qətiyyət sərgiləyir.
Həmin proqramın digər üç üzvü Azərbaycan, Belarus və Ermənistandır.
Belarusda durum mürəkkəbdir. Orada ciddi dəyişikliklərin təməli quyulur, ölkə mühüm geosiyasi transformasiya ərəfəsindədir, lakin bu Putinin iradəsindən və nəzarətindən kənar baş verən prosesdir. Hələliksə, ölkənin marionet prezidenti Lukaşenko Putinin icazəsi olmadan nəfəsini dərə bilmir, onu dünya uzurpator, diktator, cani və terrorist hesab edir, Avropa onun üzərindən çoxdan yağlı, qara xətt çəkib, lakin siyasi meyit olduğundan Batyadan Putinə bir xeyir də gəlməz.
Putinin bölgədə son dərd ortağı, güvənc yeri, son avtoritar strateji tərəfdaşı İlham Əliyevdir.
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafını boş verin. Belarusa əlavə 500 milyon dollar sədəqə vermək üçün Rusiyadakı xəstə və əngəlli uşaqlara ayrılan dövlət dəstəyini kəsən Putinin ölkəmizə sərmayə yatıracaq halının olmadığını hətta avtobus müxalifəti də inkar etməz yəqin. Olsa-olsa bu adla Rusiyanın sınıq-salxaq silahlarına əlavə bir neçə milyard pul ödətdirəcəklər bizə.
Bəs Putinlə Əliyev nəyi müzakirə edib? Əlbəttə ki, ikisinin də yaralı yeri olan Paşinyanı.
Azərbaycan, Belarus və Azərbaycan üçbucağının Avropaya istiqamətlənmək perspektivi baxımından ən zəif həlqəsi Ermənistandır. Paşinyan hakimiyyətə ölkəsini Avropaya götürmək vədilə gəlmişdi və hələ də vədinə sadiqdir. Erməni xalqı da Qarabağ savaşında ağır məğlubiyyətə rəğmən Paşinyanı, gerçəkdə isə Rusiyanı yox, Avropanı seçdi. Ermənilər, əslində, Avropaya getmək naminə Qarabağdan vaz keçdilər və bununla da Putini pat vəziyyətinə saldılar. İndi Putin daha fərqli həll variantları üzərində işləyir.
Demokratiyanın Azərbaycana və Rusiyaya yayılmasının qarşısını almaq üçün onu Ermənistandan qovmaq lazımdır və bu işdə Putinin İlham Əliyevdən səmimi və etibarlı tərəfdaşı ola bilməz. Planlaşdırılmayan Moskva görüşü də bununla bağlıdır. Bu arada İlham Əliyevin Paşinyanın seçkidəki son qələbəsindən sonra tərgitdiyi Zəngəzur ritorikasına dönüşü də diqqətçəkəndir.
Umarım, avtoritar liderlər öz hakimiyyət maraqlarını təmin etmək naminə bölgəmizi yeni və təhlükəli avantüralara sürükləməyəcəklər.