İctimai fəal Bəxtiyar Hacıyev
İlham Əliyev 2003-cü ildə prezident kürsüsünə gələndə siyasi idarəçilik təcrübəsi yox idi. O vaxta qədər SOCAR vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti idi. İşğal altındakı torpaqların adını çəkəndə “Ağcabədini də azad edəcəyik” deyəcək qədər təcrübəsiz çıxışları vardı.
Atasının təcrübəli komandası öz sistemlərini qorumaq üçün onu qoruyub, yetişdirib, gücləndirdilər. Zamanla Əliyev onu prezident kimi gücləndirən insanları bir-bir qurban verdi. Özü də çox hörmətsiz şəkildə.
Komanda üzərində hökmünü sərtləşdirmək üçün atasının nazir təyin etdiyi Fərhad Əliyevi həbsə atdırdı.
Heydər Əliyevin ən çətin vaxtlarında, hamının ondan qaçdığı vaxtlarda öz evini Əliyevə açan Əli İnsanovu həbsə atdırdı, 14 il həbsdə saxladı.
Vaxtı ilə xaricdə təhsil alan gəncləri İ.Əliyev ətrafında birləşdirməyə çalışan Elnur Aslanovu, daxildəki gəncləri Əliyev ətrafında birləşdirmiş İRƏLİ həmtəsisçisi Ceyhun Osmanlını hər yerdən uzaqlaşdırdılar, onlara nurçu damğası vuraraq xidmətlərinə görə böyük “təşəkkür” elan etdilər. İRƏLİ həmtəsisçiləri hərəsi bir tərəfə dağıldı, bəziləri ABŞ-a mühacirətə getdilər. Hətta müxalif təşkilat üzvlərinə normal baxıldığı yerlərdə İRƏLİ və ASAİF fəallarını qara siyahıya saldılar.
2019-cu ilə qədər siyasi partiyaları, QHT-ləri, xarici donor təşkilatları, medianı və s. dağıdaraq Əliyevi gücləndirən Ramiz Mehdiyev və Əli Həsənovu hörmətsiz şəkildə uzaqlaşdırdılar, birinin kürəkəninin qoluna qandal vurdular. Elnur Aslanov və ətrafını vuran Əli Həsənovu da bu dəfə özünün dəstək verdiyi media vasitəsi ilə vurdular, aşağıladılar.
Beynəlxalq tədbirlərdə sinəsini qabağa verib, beynəlxalq təşkilatlarla vuruşan ekspertlərini qurban verdilər, özünə “mən baş trolam” deyən adamlarını silib atdılar.
Bağbanına zəng edəndə də salamdan əvvəl və sağollaşmamışdan qabaq “Allah prezidentimizin canını sağ eləsin” deyən nazir, deputat, icra başçıları, səfirləri basdılar həbsə. Hüseyn Abdullayev içəridə, Eldar Həsənov içəridə.
İndi də məlum olur ki, özlərini xalqla hakimiyyət arasında sipərə çevirmiş, hakimiyyəti gecə-gündüz müdafiə edən, buna görə təhqirlərə, söyüşlərə məruz qalan adamlara da güvənmirmiş, onları da dinlətdirib, izlətdirirmiş cənab Əliyev.
Cənab Əliyev ona dəstək verib, onun hakimiyyətini gücləndirmiş bütün adamları tək-tək qurban verib, ona görə ən böyük təhqirlərə məruz qalmış adamlara belə güvənmirmiş, onları da təhdid kimi görürmüş.
Bu isə avtoritar liderlərin son mərhələlərindəndir. Sizi siz edən loyallıq sistemini quranlar kənara çəkildikləri anda sıradan bir insana çevriləcəksiniz. Həmin insanlar isə bir gün növbəti qurbanın özləri olacağını, bir nəfərin hakimiyyətinə yox, xalqa xidmət etməli olduqlarını nə qədər tez anlasalar, o qədər az zərərlə çıxarlar prosesdən.