Milli Şuranın sədri, professor Cəmil Həsənli
Azərbaycanın criminal, kleptocrat, nepotist, korrupsioner, oğru rejiminin daha bir transmilli cinayət əməli ifşa olundu. Dünən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda siyasi müxalifətin, mətbuat işçilərininin və ictimai fəalların telefonlarının izlənməsinə dair yeni araşdırma yaydı. Hələlik məlum olan odur ki, 1000 nəfərdən artıq “düşmən” və “etibarsız” hesab edilən müxaliflərin, jurnalistlərin, gənclər təşkilatı fəallarının, vəkil və hüquq müdafiəçilərinin, habelə bir sıra yüksək vəzifəli şəxslərin telefon, kompyuter, social şəbəkə üzərindən yazışmaları izlənilib. Əslində isə müxtəlif formada izlənənlərin sayı 5 mindən çoxdur.
Jurnalist və ictimai fəallardan fərqli olaraq müxalifət düşərgənin öncülləri ailəvi izlənib və izlənən telefonlər arasında məktəb yaşlı uşaqların telefon cihazları da olub. Yeri gəlmişkən bu iş hazırda da davam edir. Baş verənlər izləmənin tamamilə yeni bir formasıdır və hətta “dinləmə” və “izləmə” ifadələri baş verən cinayəti özündə ehtiva edə bilmir.
OCCRP-in məlumatından belə məlum olur ki, Əliyev rejimi Azərbaycanın müxalif kəsimi, jurnalistləri və ictimai fəalları İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə etməklə həyata keçirib. Belə bir sual yaranır Əliyev rejimi bu qurğulardan təyinatı üzrə istifadə edibmi? Yəni hansısa bir terror təşkilatı, qrupları, ayrı-ayrı terrorçu şəxslər bu cihazlar vasitəsi ilə zərərsizləşdirilibmi? Bu ayrıca bir müzakirə mövzususudur. Amma hazırda görünən odur ki, dövləti cinayətə yol verilib və ölkə vətəndaşları, ölkə müxalifəti, tənqidçi və “tərifçi” jurnalistlər, gənc fəallar, vəkillər, hüquq müdafiəçiləri, ayrı-ayrı vəzifəli şəxslər fasiləsiz olaraq izlənilib, vətəndaşların konstitusyon hüquqna qəsd edilib. Dövlət adına mütəşəkkil cinayət çetəsi tərəfindən kütləvi izləmə, dinləmə, təqib hadisəsi baş verib. Maşın nömrələrinə qanunsuz quraşdırılan GPS qurğuları vasitəsi ilə insanların avtomobilləri izlənib. İkinci maraqlı məqam odur ki, İstanbulda dənizdə “boğulan” Bayram Məmmədov və atası Pegasus proqramı vasitəsi ilə izlənilib. İzləmənin nəticələri istintaqa təqdim ediləcəkmi?
İndi hər kəsi belə bir sual düşündürür: bu audio-vizual şəbəkələşmiş və şaxələnmiş xərçəngvari izləmə hansı orqanlar vasitəsi ilə həyata keçirilir? Şübhəsiz ki, DTX vasitəsi ilə, NSO Group şirkətinin casus proqramı bilavasitə DTX-dan idarə olunur. Total dinləmə prosesi 2008-ci ildə MTN-də hazırlanan “İdarə olunan cəmiyyət yaratmaq” proqramının tərkib hissəsi idi. Lakin həmin dövrdə dinləmə cihazları indiki qədər heyrətamiz imkanlara malik olmadığı üçün MTN hər şeyi ennovativ texnikanın ümidinə buraxmır, daha vacib “subyektlərin” üzərində canlı müşahidə də qoyurdu.
Məsələn mən özüm, AXCP sədri Əli Kərimli, Milli Şura, Xalq Cəbhəsinin, müxtəlif dövrlərdə Müsavat və digər müxalif partiyaların rəhbərliyinə daxil olan şəxslər belə canlı müşahidələrin altında olublar. Mənim bütün görüş və gəzinti yerlərimə DTX (MTN) və DİN “güdükçüləri” məndən əvvəl gəliblər. Müxtəlif tərəflərdən şəkillərimi çəkiblər. İndi onlarda bir neçə albomluq şəkilim var. Son il yarımda Əli Kərimlininin kommunikasiya mühasirəsinə almaqla yanaşı, yaşadığı blokda mənzil tutub onun evinə canlı nəzarət ediblər, evinin girişinə açıq polis postu qoyublar. Hələ heç bir hakimiyyətin, hətta peşəkar KGB işçisi olan Heydər Əliyevin hakimiyyəti dövründə insanların izlənməsi İlham Əliyev dövründə olduğu kimi total xarakter daşımayıb.
İsraildən son texnoloji cəsusluq texnologiyasının alınması izləmənin coğrafiyasını xeyli genişləndirdi. İndi xarici ölkədə yaşayan rejim əlehdarı və “yanlısının” fəaliyyətini belə çox rahat izləyə bilirlər. Məsələn, keçmiş baş prokuror Eldar Həsənovun qəfil həbsi, şübhəsiz ki, yeni açılmış texnoloji imkanların ilk nəticələrindən biri idi. Səfirlikdə dəftərxana və təsərrüfat yeyintiləri bəhanədir. Azərbaycanda belə “yeyintilərə” görə səfir tutmurlar. İndi canlı və cansız “juçoka” ehtiyac yoxdur. Pegasus proqramı sənin öz telefonun, sən öz kompyuterinlə, sənin öz internet hesabınla səni qaraba-qara izləyir. Onlar hətta sənin telefon və bilgisayarınla sənin əvəzinə yazışmalar da apara bilirlər. Nəinki Bakıda, hətta ABŞ-da olanda da mənim Amerika nömrəmi də izləyirdilər. Kompyutirə proqramı yükləməyə bir neçə dəfə cəhd ediblər. Önləməyə çalışmışam, amma əmin deyiləm ki, yükləməyiblər.
DTX ilə yanaşı DİN və prezidentin təhlükəsizlik xidməti də bu işdən uzaq deyil. Hələ Ramil Usubovun dövründə DİN orqanları üçün 100 milyon dollarla dəyərində olan dinləmə və izləmə cihazlarının gizli şəkildə xaricdən alınması barədə məlumatlar var idi. Alternativ dinləmə və izləmə mərkəzlərinin yaradılması bir tərəfdən cəmiyyət üzərində nəzarətin “boşluqlarını” aradan qaldırmağa, digər tərəfdən isən güc strukturları arasında “rəqabəti” gücləndirməyə xidmət etməli idi. MTN iflas edəndə məlum oldu ki, “emprik” dinləmə və izləmə əsasən muxalifəti təqib etmək, azadfikirliliyi boğmaq və rüşvəti çiçəkləndirmək üçün həyata keçirilib. Hər 3 istiqamətin başında da İlham Əliyev dayanıb.
Dinləmə və izləmə texnologiyalarını “mükəmməlləşdirmək” üçün Əliyev rejimi Təl-Əvivdən yalnız ən son cəsusluq texnologiyasını almamışdı, eyni zamda bəzi məlumatlara görə bu işi şəbəkələşdirmək üçün vaxtı ilə İsraildən mütəxəssislər gətirmişdilər. Onlar tək şəbəkəni qurmadılar, onu işlədəcək adamları da hazırladılar. Bu işlər daha çox xidmətə nəzarət, terrorizmi “önləmək”, sərhədlərə nəzarət adı altında həyata keçirilər, bu məqsədlə ABŞ və Qərb ölkələrindən qrant proqramı üzrə ən müasir texnoloji avadanlıq “idxal edilər” və həmin avadanlıqlar cəmiyyətin, müxalifətin, mətbuatın boğulmasına, yeni rüşvət yerlərinin aşkarlanmasına yönəldilirdi. İlham Əliyevin bu rəzalət şəbəkəsinin “çiçəklənmə” mexanizmi belə idi.