Natiq Adilov
Müxalifətçilərin telefon danışığını izləməklə İlham Əliyev nə qazanacaq, bilmirəm. Amma nökərçələrini izləmək ona ürək ağrısı, şəkər və təzyiq vəd edir. Niyə?
Müəllifini unutduğum bir hekayə var, “Dikdaban” adında.
Kübar məclisinə yığışan xanımlar hey öz xidmətçilərindən, nökərlərindən şikayətlənirlər. Hamısı gileylənir ki, onlara bir nəfər də düz-əməlli adam rast gəlmir. Kimi işə götürürlər, oğurlayır, yalançılıq edir, altdan-altdan onlara düşmən kəsilir. Hekayənin qəhrəmanı olan xanım bu şikayətnamələr önündə məmnun bir duruş sərgiləyir. Deyir, şükür, bizdə belə şey yoxdur.
Bir gün bu xanım baş ağrılarına düçar olur, gedir həkimə.
Həkim deyir, xanım, sənin mərəzinin yüngül bir əlacı var. Bugündən dikdaban geyinmə, baş ağrını o yaradır. Xanım deyir, xub. Gəlir və o məzkur ayaqqabıları soyunur. Elə o gündən də canı dərdə düşür. Mətbəxtdə aşbazı oğurluq edərkən tutur, heyvanlara baxan o biri qulluqçunun da oğurluğunun üstünə çıxır. O biri tərəfə keçəndə görür ki, iki nökəri sahiblərini ağ yuyub qara sərir. Xanım heyrətlənir və bu yaramaz qulluqçuların hamısını qovur. Təzələrini tapır, amma nə fayda. Təzələr köhnədən də betər olur: hər yerdə oğurluq, hər yerdə sahiblərinin əl-ətərin çeynəmə.
Xanım oturur pilləkəndə və düşünür: İlahi, olmaya gözə gəldim, mən ki firavan, dedi-qodusuz bir həyat sürürdüm, mənimlə qulluqçular arasında harmoniya vardı, xalq-iqtidar birliyi yüksək səviyyədə idi! Nooldu axı?! Birdən gözü dikdabanına sataşır və jeton düşür. Hm, demək elə siftədən vəziyyət indi gördüyü kimi olub. Sadəcə, qabaq dikdabanın səsi qulluqçuları duyuq salar, onlar da xanım gələndə özlərini səliqəli trol kimi aparırmış. Xanım təzədən dikdabanı ayağına geyinməli olur: deyir, baş ağrısından xilas olub ürək ağrısından ölmək istəmirəm.
İndi Əliyev o xanımın əzablarını yaşayır. Siz elə bilirsiniz ki, mala-pula görə əqidəsini dəyişənlər, 3 manatlıq trol fəaliyyətinə görə ona üzdə yaltaqlananlar daldada da eyni şeyləri edirlər. Uşaq olmayın. Belə adamların səhnə arxasındakı fəaliyyəti və çıxışları Almaniyada qərarlaşan məşhur bloqer Qabil Məmmədovun yaradıcılığını tozda qoymaq potensialındadı. Odur ki, imkan verin, nə qədər istəyir dinləsin.