AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Artıq Qarabağda atəşkəsin pozulması gündəlik xəbərlər sırasında yer almaqdadır. Bunun səbəbləri ilə bağlı fikirlərimizi ötən günkü yazıda paylaşmışdıq. İndi ən çox sual yaradan budur ki, gündən – günə artan atəş səsləri yeni bir müharibəyə səbəb ola bilərmi?
Bu ehtimalın nə dərəcədə real olmasını qiymətləndiirməkdən ötrü, üç ölkənin maraqlarına nəzər salmaq gərəkdir.
🔸 Rusiya
Unutmaq olmaz ki, birinci və ikinci Qarabağ müharibələri Rusiyanın istəyi ilə baş verib. Bu gün də Azərbaycan və Ermənistan arasında yeni bir müharibə ehtimalı ilk növbədə Rusiyanın qərarından asılıdır. Rusiya indiki halda belə bir müharibənin başlanmasında maraqlı deyil. Nəyə görə?
✅ Əgər müharibə olarsa, o zaman Rusiya “sülhməramlılarının” sülhü təmin edə bilmədiyi məlum olacaq. Bu halda indiki beynəlxalq konyunkturanı və Qərblə Rusiya arasındakı gərgin qarşıdurmanı nəzərə alsaq, o zaman Qərbin atəşkəsi təmin etmək üçün BMT mandatı ilə Qarabağa yeni sülhməramlılar göndərməsi gündəmə gələcək. Təbii ki, bu da Rusiyanın Qarabağ problemi üzərində hərbi nəzarətinin itrilməsi ilə nəticələnə bilər.
✅ Bundan əlavə, müharibə başlayarsa Rusiya Azərbaycanın ordusunun hələ də işğalda qalan Qarabağ ərazilərini azad etməməsi üçün Ermənistana yardım etməyə məcbur qala bilər. Bu isə Azərbaycanla münasibətlərin qırılma nöqtəsinə gəlməsi demək olar ki, indiki halda bu Rusiyayanın maraqlarına uyğun deyil.
✅ Digər tərəfdən isə, müharibə variantında Rusiyanın Ermənistana yardımına qarşı Türkiyənin Azərbaycana dəstək verməsi, gərginliyin masştabını daha da böyüdə bilər. Əvvəlki dövrdən fərqli olaraq Qərblə münasibətlərini xeyli dərəcədə yoluna qoymuş Türkiyə ilə belə bir gərginliyin yaranması, Moskva üçün heç də arzu olunan deyil.
Başqa bir tərəfdən isə Moskva hətta Ermənistana yardım edib, Qarabağdakı hansısa əraziləri zəbt etsə belə, bu Putinin arzuolunmaz hesab etdiyi Paşiniyanın ölkə daxilində nüfuzunu və mövqeyini daha da möhkəmləndirə bilər.
🔸 Azərbaycan
İlk öncə onu qeyd etmək gərəkdir ki, Azərbaycan iqtidarı 44 günlük müharibəni Rusiyanın istəyi ilə başlayıb, Moskvanın iradəsi ilə də dayandırıb. Ona görə də Rusiyanın razılığı olmadan Azərbaycan rəhbərliyi müharibə qərarı vermək iqtidarında deyil.
✅ Digər tərəfdən Azərbaycan hakimiyyətinin Putinin iradəsindən kənar, müstəqil şəkildə müharibə qərararı verməsi üçün, mütləq Türkiyənin hərbi dəstəyini və razılığını alması gərəkdir. Çünki Qarabağdakı ermənilərin təhlükəsizlik təminatıi birbaşa Rusiya tərəfindən həyata keçirilir və buna qarşılıq Türkiyənin dəstəyi mütləq tələb olunur. Türkiyə Suriya, Liviya, Əfqanıstan, Aralıq və Qaradənizdə kifayət qədər problemlərlə uğraşdığı bir zamanda, Qafqazda hərbi münaqişəyə cəlb olunmaqda maraqlı deyil.
✅ Müharibə həm də risklər deməkdir. Əgər, hərbi əməliyyatlar başlayarsa bu halda işğaldan azad olunmuş ərazilərin bəzilərinin Rusiyanın açıq dəstəyi ilə ermənilər tərəfindən yenidən işğalı təhlükəsi də yarana bilər. Bu sırada Şuşa şəhəri xüsusi risk zonası hesab olunur. Ona görə də Azərbaycan rəhbərliyi hazırkı status-kvonun saxlanılmasında daha çox maraqlıdır. Müharibə həm də böyük maliyyə, xərc tələb etdiyindən, ölkənin hazırkı iqtisadi durumu yenidən bu yükü qaldırmaq iqtidarında deyil.
🔸 Ermənistan
Ermənistan indi elə bir vəziyyətdədir ki, Rusiyanın istəyi və dəstəyi olmadan hərbi revanş barədə qərar verə bilməz. Hərbi məğlubiyyətin erməni ordusunda yaratdığı psixoloji düşkünlük və verilən qurbanlara görə cəmiyyətin narazılığı şəraitində, Ermənistan rəhbərliyi müharibə qərarı vermək iqtidarında deyil. Son seçkilərdə müharibə tərəfdarlarının məğlubiyyəti onu göstərdi ki, Paşiniyan hakimiyyəti hətta istəsə belə, erməni xalqının ovqatına əsaslanıb müharibəyə başlaya bilməz.
✅ Digər tərəfdən isə Paşiniyan gözəl bilir ki, müharibə ritorikasının aktuallaşması, onun Rusiya tərəfindən himayə olunan rəqiblərinin revanş imkanını artırır. Ona görə də Paşiniyan sülh şəraitində diqqəti daxili problemlərə verib, xalqın maddi rifahını təmin etməyə və Avrointeqrasiya istiqamətində səyləri gücləndirib ölkəsinin inkişaf imkanlarını artırmağa, beynəlxalq səviyyədə Azərbaycan qarşısında siyasi diplomatik üstünlüyünü möhkəmlətməyə çalışır. Aydın görünür ki, hazırkı şərait Ermənistanı daha çox qane edir. Çünki Rusiya öz maraqlarına görə Qarabağdakı qondarma erməni rejiminin təhlükəsizliyini təmin edir və Azərbaycan iqtidarı da “Qarabağ problemi həll olunub” deyərək, siyasi və diplomatik meydanı təktərəfli qaydada ermənilərin ixtiyarına buraxıb.
Bütün bu sadaladığımız səbəblərdən i di ki halda atəşkəsin pozulması hallarını yeni bir müharibə anonsu hesab etmək doğru olmaz.