Xaqani Cəfərli
1978-ci ildə Leonid İliç Brejnevin təşəbbüsü ilə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “İttifaq respublikalarında rus dilinin öyrənilməsi və tətbiqini daha da yaxşılaşdıracaq tədbirlər haqqında” qərar qəbul etmişdi. Brejnevdən sonra Yuri Andropovun hakiiyyəti zamanı, 1983-cü ildə Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “İttifaq respublikalarının orta məktəblərində və digər təhsil müəssisələrində rus dilinin öyrənilməsini yaxşılaşdırmaq üçün əlavə tədbirlər haqqında” daha bir qərar qəbul edib.
Bu qərarların qəbulunda əsas məqsəd müttəfiq adlandırılan, əslində Rusiyanın müstəmləkəsi olan respublikalarda milli dillərin işlənmə arealnı kiçiltmək, onları məişət dilinə çevirmək idi.
Bu məqsədə nail olmaq üçün məktəblərin və çap məlumatlarının nəşrinin əsasən rus dilində aparılması nəzərdə tutulurdu. Brejnevin ətrafındakılar belə düşünürdü ki, milli dillərin sıradan çıxması ilə sovet adamının formalaşması başa çatacaq. Brejnevi bu addıma sövq edənlər çox yaxşı bilirdilər ki, dil milli kimliyi formalaşdıran əsas amildir. Millətləri qan tökmədən, kütləvi qırğın törətmədən yox etməyin yeganə yolu millətlərin dilini yox etməkdir.
Bu bədnam qərarın həyata keçirilməsinə o zaman əsasən iki amil mane oldu. Birincisi, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Rusiya müstəmləkəsi olan “müttəfiq” respublikalarda milliyətçilik güclənməyə başlamışdı. Brejnevin bütün xalqları ruslaşdırmaq niyyətinə xidmət edən bu qərarın həyata keçməsinə maneə olan ikinci amil həmin illlərdə Sovet İttifaqında korrupsiyanın çiçəklənmə dövrü olması idi. Korrupsioner məmurlar artıq maddi maraqları olmayan məsələlərdə canfəşanlıq etmirdilər. Moskvanın qərarları əsasən kağız üzərində icra olunurdu.
Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlətə çevrilən “müttəfiq” respublikarın bir çoxunda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “İttifaq respublikalarında rus dilinin öyrənilməsi və işlənməsini daha da yaxşılaşdıracaq tədbirlər haqqında” qərarının təsirlərini aradan qaldırmaq üçün tədbirlər həyata keçirilməyə başladı. Latın qrafikalı əlifbaya keçid, milli məktəblərə üstünlük verilməsi, rus dilli məktəblərin azaldılması bu məqsədə xidmət edirdi. Bəzi respublikalarda hətta rəsmi yazışmalarda rus dilindən istifadə qadağan edildi.
Putinin avtoritar hakimiyyətinin bərqərar olması ilə müstəmləkəçilik Rusiyanın hakim siyasi xəttinə çevrilməyə başladı. Milli dövlətə çevrilməyən, postsovet respublikası olaraq qalmaqda davam edən ölkələrdə Rusiyanın təsiri zaman “Moskva saatı” ilə işləməyə başladı. Rus dilli məktəblərin və nəşrlərin sayı artmağa başladı. Azərbaycan bu sahədə öncül ölkələrdəndir. Son illər rus dilli məktəblərin və nəşrlərin sayı azqala həndəsi silsilə ilə artır. Belə vəziyyətə keçmiş sovet respublikalarının heç birində rast gəlmək mümkün deyil. Brejnevin bədnam qərarının müstəqil Azərbaycanda tam gücü ilə icra olunması hər kəsi düşündürməli və narahat etməlidir.