Milli Şuranın sədri, professor Cəmil Həsənli
Cəza cinayət olan yerdə ola bilər. Dünən Bakı Apelyasiya Məhkəməsi Milli Şurasının rəhbərliyində təmsil olunan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığını 2 il 6 ay şərti cəza ilə əvəz edib. Bu iki il yarım həm də sınaq müddəti, yəni Tofiq bəyi daim təzyiq altında saxlaması, həbs təhlükəsinin bir kabus kimi başının üzərində dolanması hesab ediləcək. Buna deyərlər üzrü günahından betər.
Bir il yarımdır ki, Tofiq Yaqubluya qarşı rəzalət baş verir. İlham Əliyevin müxalifətin məhv edilməsinə yönəlmiş məşhur 19 mart çağırışından sonra ilk həbs edilənlərdən biri Tofiq Yaqublu olub. Dünyanın ən təmiz adamı olan Yaqublunu Əliyevin “çistka” haqqında göstərişindən dərhal sonra tutdular. Ssenariləşdirilmiş xüsusi əməliyyat hazırladılar, xüsusi torba tikdilər, xüsusi zərərdidələr tapdılar, əməliyyatda istifadə edilən vintaçan və digər texniki vasitələr uydurdular, dayandığı yerdə adamın hələ bu günə kimi polis idarəsində saxlanan maşınını vurub “hadisə” yaratdılar. Baş verən hadisənin izini itirmək üçün Tofiq bəyin hələ bu günə kimi Nizami rayon polis idarəsində saxlanılan telefonunu müsadirə etdilər, dəlil ola biləcək yaddaşını təmizlədilər və bütün bu məzhəkədən sonra “məhkəmə” də ötən il sentyabr ayının 3-də ona dörd il üç ay həbs cəzasına məhkum etdi.
Bu rəzalətə etiraz olaraq Tofiq Yaqublu 17 gün davam edən ölüm aclığına başladı, ölkə ictimaiyyəti və beynəlxalq hüquq müdafiə təşkilatlarının davamlı tələbləri qarşısında Əliyevin ona tikdiyi torba ilmə-ilmə sökülməyə başladı. Tofiq Yaqublu yalnız davamlı ölüm aclığının riski altında həbsxanadan ev dustaqlığına buraxıldı. Təsəvvür edin ki, bütün bu “hüquqi hoqqabazlıqdan” sonra onun birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsi bu il yanvarın 28-də ilkin məhkəmə baxışı keçirsə də, işə baxılmasın qeyri-müəyyən müddətə təxirə saldı. Bu “qeyri-müəyyənlik” nə az – nə çox 7 ay davam etdi və yalnız dünən İlham Əliyev Tofiq Yaqublu haqqında iki il altı aylıq şərti qaydada sınaq cəzasını elan etdi. Axı, Tofiq Yaqublu müxalifətçi olmaqdan əlavə, həm də İlham Əliyevin, onun kleptokratik ailə hakimiyyətinin şəxsi tənqidçisidir.
Məhz bu qisas nəticəsində Tofiq bəy nəinki son nəfəsində üzünü görmədiyi, səsini duymadığı anasının dəfnində iştirak edə bilmədi, hətta İlham Əliyevin bu “mərhəmətindən” sonra mərhum ananın torpağı soyumamış məzarını da ziyarət edə bilmir. Bunun hüquqi, siyasi, mənəvi məsuliyyəti bilavasitə İlham Əliyevin üzərindədir. Bəzən müxtəlif beynəlxalq təşkilatlar, Avropa İttifaqı ölkələri, ABŞ Azərbaycan hakimiyyətindən siyasi mülahizələrlə həbs edilmiş insanların işinə yenidən baxılması, gülməli də olsa “ədalətli məhkəmə araşdırması” tələb edir. Məhkəmə olmayan yerdə ədalət, ədalət olmayan yerdə məhkəmə necə ola bilər. Tofiq Yaqublunun həyatını riskə qoyaraq öz “cəzasını” 4 il 3 aydan ev dustaqlığına, 10 alıq ev dustaqlının çəp-cidarından 2 il 6 aylıq şərti sınaq müddətinə “endirməsi” bunun aydın bir örnəyidir. İlham Əliyevin “ədalətli məhkəmə araşdırmasının” bütün kombinasiyalarında Tofiq Yaqublu anasının nə üzünü görə bildi, nə də məzarını. Şəkildə gördüyünüz o polis işçiləri həmişə Tofiq Yaqublunun “arxasındadır”.