“Elmar Vəliyevə heç güllə dəyməyib, ona görə Gəncənin yarısını tutublar. Qardaşımı isə, heç bir günahı olmadığı halda, öldürdülər. Başından güllə vurublar, rahatlaşmayıb, ürəyindən də vurublar…”
Bunları Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmədə Aynur Bağırovanın dedikləridir.
Keçmiş icra başçısı və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsdə görə Yunis Səfərov və daha 11 nəfər ittiham olunur.
Ancaq məhkəmə önündə mühakimə olunanların sayı 10 nəfərdir. Qalan ikisi – Anar Bağırovla Ağa Sərxanini saxlanılarkən, hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüblər.
Anar Bağırovun bacısı, Ağa Sərxanininsə həyat yoldaşı hüquqi varislər qismində məhkəmədə iştirak edirlər.
“Məqsədiniz araşdırma aparmaq deyildi”
Məhkəmə prosesinin yekunlaşdırılmasına bir neçə iclas qalmış hakimlər istintaqın yenilənməsinə, Vəliyevin zərəçəkən qismində sağlıq durumunun qiymətləndirilməsindən ötrü tibbi ekspertiza təyininə qərar verilib.
İyulun 15-də hakim ekspertizanın rəyini açıqlayıb. Orada yazılıb ki, sabiq icra başçısı hadisələri tam qavraya bilmədiyindən, məhkəməyə qatılması onun vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.
Hakim bunu yetərli sayıb, məhkəmə araşdırmalarını yekunlaşdıranda təqsirləndirilən şəxslər və vəkillərin etirazıyla qarşılaşıb.
Onların sözlərinə görə, məhkəmə istintaqı təzələnəndə ümidləri yaranıb, düşünüblər ki, məhkəmə, nəhayət, bu işlə bağlı ətraflı, obyektiv araşdırma aparmaq qərarına gəlib. Vəkil Vamiq Şükürov bunları deyib:
“İndi isə başa düşürük ki, hökmdə Elmar Vəliyevin məhkəməyə gəlməməsini əsaslandıra bilmək üçün məhkəmə istintaqını təzələyib, ekspertiza rəyini aldınız, ona görə işi bitirirsiniz. Yəni məqsədiniz heç də araşdırma aparmaq deyildi”.
Sabiq icra başçısını öldürmək cəhdində ittiham olunan Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev deyir ki, Elmar Vəliyevin hadisələri qavraya bilməməsi ortaya başqa suallar çıxarır və o suallara aydınlıq gətirmək məhkəmənin borcudur:
“Məsələn, məhkəmədə zərərçəkmiş qismində Vəliyevi təmsil edən nümayəndə var. Hərəkətlərini qavraya bilməyən Vəliyev ona iş materiallarında olan etibarnaməni necə, hansı şəraitdə verib?”
“Qardaşımın başına gətirdiklərinizi sizə bağışlamayacağam”
Deyilənləri əhəmiyyətli saymayan hakimlər məhkəmə istintaqının yekunlaşmasına qərar veriblər. Bunun ardınca çıxış edən prokuror daha öncəki mövqeyində qaldığını açıqlayıb. Bu isə o deməkdir ki, prokuror Yunis Səfərovun ömürlük, digər 9 təqsirləndirilən şəxsinsə 18-20 il həbsini istəyir.
Vəkillərin bir qismi çıxış edərək, məhkəmə araşdırmalarından narazılıqlarını dilə gətirib və müvəkkillərinin günahsızlığını vurğulayıblar. Bir neçə vəkil də çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib.
Təqsirləndirilən mərhum Anar Bağırovun hüquqi varisi Aynur Bağırova qardaşının təqsirsiz olduğunu, məhkəmənin Elmar Vəliyevin qardaşı Xanlar Vəliyevin (ölkənin hərbi prokuroru – red.) təzyiqi altında keçdiyini iddia edib:
“Bu məhkəmə Xanlar Vəliyevin cızdığı ssenari ilə keçirildi. Bu ölkədə məhkəmə, haqq-ədalət yoxdur. Amma bir gün mütləq olacaq. Buradan Xanlar Vəliyevə, Mədət Quliyevə səslənirəm: qardaşımın başına gətirdiklərinizi sizə bağışlamayacağam…”
Azadlıq radiosu